“Financial Times”ın məlumatına görə, Vladimir Putin Ukrayna müharibəsində kompromisdən uzaq mövqe sərgiləyərək hərbi hədəflərinə nail olmağa çalışır. Nəşr bildirir ki, Rusiyada artan sosial-iqtisadi problemlər və müharibə ilə bağlı narazılıqlar fonunda Kreml daxili siyasi dəstəyi qorumağa çalışır. Eyni zamanda analitiklər müharibənin gedişinin həm Rusiyanın daxili vəziyyətinə, həm də regional təhlükəsizliyə təsir etməyə davam etdiyini qeyd edirlər.
- Müharibənin uzanması Rusiyanın daxili siyasi sabitliyinə və beynəlxalq mövqeyinə uzunmüddətli perspektivdə necə təsir göstərə bilər?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın Rusiyaya qarşı intensivləşən hərbi hücumları ölkənin strateji obyektlərinə ciddi zərbə vurur. Onun sözlərinə görə, xüsusilə neft emalı zavodları və raket istehsalı müəssisələrinin hədəfə alınması Rusiyanın müharibə aparmaq imkanlarını zəiflədir. Hətta Rusiyada yanacaq qıtlığının yarandığını Vladimir Putin də etiraf edib.
Politoloq hesab edir ki, Ukraynanın artan hücumları fonunda Kremldə narahatlıq dərinləşir və bu proses gələcəkdə Rusiyada yeni lider axtarışına səbəb ola bilər. Onun fikrincə, sosial-iqtisadi vəziyyətin ağırlaşması, müharibənin dalana dirənməsi və Kremlin güzəştə meylli addımlar atması hakim elita daxilində narazılığı artırır.
Məhəmməd Əsədullazadə bildirib ki, Vladimir Putinin hakimiyyətə gəlməsində rol oynayan siyasi elita ölkənin sosial-iqtisadi böhrana sürüklənməsini və daxildə parçalanmanın dərinləşməsini istəmir. Buna görə də müharibədən çıxış yollarının axtarıldığını düşünür. “Qərbin Ukraynaya göstərdiyi hərbi dəstək nəticəsində Rusiyanın strateji obyektlərinə endirilən zərbələrin sayı və effektivliyi artır. Bu dəyişikliklər təkcə cəbhədə deyil, həm də Rusiyanın siyasi dairələrində hiss olunur.
Proseslər getdikcə Ukraynanın xeyrinə dəyişir və Rusiya uzunmüddətli müharibə aparmaq imkanlarını itirir. Vladimir Putin əvvəlki dövrlərdə olduğu kimi say üstünlüyü hesabına qələbə qazanacağını düşünsə də, müasir texnologiyalar və yüksək dəqiqlikli silahlar dövründə bu strategiya əvvəlki kimi nəticə vermir. Rusiya həm cəbhədə mövqelərini itirir, həm də daxildə sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır”, – deyə o bildirib.
Məhəmməd Əsədullazadənin qənaətinə görə, bütün bu amillər Rusiya üçün mənfi tendensiyaların gücləndiyini göstərir və ölkə rəhbərliyinin qarşısında ciddi siyasi və iqtisadi çağırışlar yaradır.
İradə Cəlil, Bizimyol.info






