Bu gün Azərbaycanda Polis Günüdür və bu tarix ölkənin təhlükəsizlik sistemində çalışan insanların gördüyü çətin və məsuliyyətli işə diqqət çəkmək baxımından əhəmiyyət daşıyır.
Azərbaycan uzun illər münaqişə şəraiti ilə üz-üzə qaldığı üçün polis və Daxili Qoşunların əməkdaşları müxtəlif dövrlərdə çox ağır və təhlükəli şəraitdə xidmət göstəriblər.
Xüsusilə Birinci və İkinci Qarabağ müharibələri zamanı onlar həm ön xəttdə, həm də arxa cəbhədə ölkənin təhlükəsizliyi naminə ciddi fədakarlıq nümayiş etdiriblər. Bu yolda həyatını itirən və yaralananlar olub.
2 iyul – Azərbaycan Polisi Günü münasibətilə “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova polis əməkdaşlarını təbrik edib, onların dövlətin təhlükəsizliyinin, ictimai sabitliyin və hüquq qaydasının qorunmasında göstərdikləri fədakar xidmətin hər zaman yüksək qiymətləndirildiyini bildirib.
Mahirə Əmirhüseynova qeyd edib ki, Azərbaycan Respublikasının daxili işlər orqanları dövlətçilik tariximizin mühüm sütunlarından biridir. Onun sözlərinə görə, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan bu sistem ötən dövr ərzində peşəkar inkişaf yolu keçərək ölkənin ən etibarlı dövlət institutlarından birinə çevrilib.
İctimai Birliyin sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi illərində hüquq-mühafizə orqanlarında aparılan islahatlar daxili işlər sisteminin müasirləşməsinə, peşəkar kadr potensialının formalaşmasına və fəaliyyətinin daha da güclənməsinə mühüm töhfə verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə daxili işlər orqanlarında həyata keçirilən ardıcıl islahatlar, müasir idarəetmə mexanizmlərinin tətbiqi, rəqəmsallaşma, maddi-texniki bazanın gücləndirilməsi və vətəndaş məmnuniyyətinin artırılmasına yönəlmiş tədbirlər polis xidmətinin daha çevik, operativ və səmərəli fəaliyyət göstərməsini təmin edib.
Mahirə Əmirhüseynova bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizədə polis əməkdaşları və Daxili Qoşunların şəxsi heyəti böyük qəhrəmanlıq nümunələri göstəriblər. Birinci və İkinci Qarabağ müharibələri zamanı onlar döyüş əməliyyatlarında, strateji obyektlərin mühafizəsində, ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər. Bu şərəfli xidmət yolu şəhid olmuş qəhrəman polis əməkdaşlarının fədakarlığı ilə tariximizə əbədi həkk olunub.
O qeyd edib ki, bu gün daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm vəzifələri uğurla yerinə yetirir. Təbii fəlakətlər, yol-nəqliyyat hadisələri və digər fövqəladə vəziyyətlər zamanı polis əməkdaşlarının operativ fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək qiymətləndirilir.
“Cəmiyyətdə polisə olan etimadın möhkəmlənməsi hüquqi dövlət quruculuğunun mühüm göstəricilərindəndir. İnsanların ən çətin anlarda ilk müraciət etdikləri ünvanlardan birinin polis olması onların peşəkarlığının, məsuliyyətinin və xalqa sədaqətlə xidmətinin göstəricisidir”, – deyə Mahirə Əmirhüseynova bildirib.
Sonda İctimai Birliyin sədri 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını və daxili işlər orqanlarının veteranlarını təbrik edib, xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş polis əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla yad edib. O, polis əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti, şərəfli xidmətlərində yeni uğurlar və Azərbaycanın təhlükəsizliyi naminə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayıb.
İradə Cəlil, Bizimyol.info






