ABŞ Ali Məhkəməsinin qərarı doğum hüququ əsasında vətəndaşlığın Konstitusiya ilə qorunan prinsip olduğunu bir daha təsdiqləyib. Məhkəmə bununla prezident fərmanlarının Konstitusiya və federal qanunvericiliyə zidd ola bilməyəcəyini vurğulayıb. Qərar immiqrasiya siyasəti və icra hakimiyyətinin səlahiyyətlərinin sərhədləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
- Bu qərar ABŞ-da gələcək immiqrasiya siyasəti və prezident fərmanlarının hüquqi çərçivəsinə necə təsir göstərə bilər?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrdə ABŞ Ali Məhkəməsinin doğum hüququ əsasında vətəndaşlıqla bağlı qərarı ətrafında müzakirələr davam edir və qərarın dəqiq məzmunu onun təsirini müəyyən edir. Belə ki, ABŞ Konstitusiyasının 14-cü düzəlişinə əsasən, ABŞ ərazisində doğulan və ölkənin yurisdiksiyasına tabe olan şəxslər, bir qayda olaraq, ABŞ vətəndaşı hesab olunurlar.
Bu kontekstdə qərarın mümkün təsirləri bir neçə istiqamətdə qiymətləndirilə bilər.
İmmiqrasiya siyasətinə təsiri
Əgər məhkəmə doğum hüququ əsasında vətəndaşlığın Konstitusiya ilə qorunan prinsip olduğunu təsdiqləyibsə, gələcək prezident administrasiyalarının bu hüququ yalnız icraedici fərmanla məhdudlaşdırmaq imkanları xeyli azalacaq. Belə bir dəyişiklik üçün ya Konstitusiyaya düzəliş edilməli, ya da Ali Məhkəmə gələcəkdə fərqli hüquqi mövqe tutmalıdır ki, bunların hər ikisi olduqca çətin prosesdir.
Qərar bir daha göstərir ki, prezident fərmanları Konstitusiyanı və Konqresin qəbul etdiyi federal qanunları dəyişdirə bilməz. Bu, təkcə immiqrasiya deyil, digər sahələrdə də icra hakimiyyətinin səlahiyyətlərinin məhdud olduğunu təsdiqləyən mühüm hüquqi prinsipdir.
Politoloqun sözlərinə görə, immiqrasiya ilə bağlı yeni prezident fərmanları bundan sonra daha ciddi məhkəmə nəzarəti ilə üzləşə bilər. Ştatlar, hüquq müdafiə təşkilatları və fərdlər belə fərmanların Konstitusiyaya uyğunluğunu daha fəal şəkildə mübahisələndirə bilərlər.
Siyasi müstəvidə təsiri
Bu qərar immiqrasiya mövzusunu ABŞ-da daxili siyasi gündəliyin əsas məsələlərindən biri kimi saxlayacaq. Respublikaçılar və Demokratlar arasında immiqrasiya siyasətinə yanaşmalar fərqli olduğundan, məsələ həm Konqresdə, həm də növbəti prezident seçkilərində mühüm müzakirə mövzusu olaraq qalacaq.
Politoloq bildirib ki, belə bir qərar ABŞ-da hakimiyyət bölgüsü prinsipini gücləndirir və prezidentlərin immiqrasiya siyasətində sərbəst fəaliyyət imkanlarını hüquqi baxımdan məhdudlaşdırır. Eyni zamanda, doğum hüququ əsasında vətəndaşlığın dəyişdirilməsinin əsasən Konstitusiya səviyyəsində həll olunmalı məsələ olduğunu bir daha ön plana çıxarır.
İradə Cəlil,Bizimyol.info






