Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stasionar telefonların azalması kibertəhlükəsizliyə risk yaradırmı?
Stasionar telefonların azalması kibertəhlükəsizliyə risk yaradırmı?

Finlandiyanın sonuncu ən böyük telekommunikasiya operatorlarından biri olan "Elisa" şirkəti iyulun 1-dən etibarən ölkədə həm fərdi, həm də korporativ müştərilər üçün naqilli xətlərin xidmətini dayandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" portalı məlumat yayıb.

Şirkət bu niyyəti barədə hələ ilin əvvəlində xəbərdarlıq etmişdi. Bununla da ölkədə stasionar telefon rabitəsi erası rəsmən başa çatıb.

Qeyd edək ki, digər iri telekommunikasiya operatoru "Telia" hələ 2019-cu ildə öz stasionar şəbəkəsini qapatmışdı, cari ilin əvvəlində isə "DNA" operatoru abunəçilərinin naqilli telefonlarına xidmət göstərilməsini dayandırmışdı.

"Elisa" operatorunun məlumatına görə, ilin əvvəlinə şirkətin cəmi bir neçə min naqilli bağlantısı qalmışdı. Operator artıq bir neçə ildir ki, bu növ xidmətlər üçün yeni müqavilələrin bağlanmasını dayandırmışdı.

Xatırladaq ki, Finlandiyada stasionar telefon rabitəsi XIX əsrin sonlarından etibarən fəaliyyət göstərirdi.

  • Naqilli rabitədən imtina kibertəhlükəsizlik baxımından risk yaradırmı?
  • Azərbaycanda stasionar telefonların azalması kibertəhlükəsizliyə təsir edə bilərmi?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyin əməkdaşı Əfsanə Mustafazadə bildirib ki, bu keçidə yalnız risk kimi baxmaq düzgün olmaz:

“Finlandiyanın stasionar telefon şəbəkəsindən tam imtina etməsi telekommunikasiya sektorunda uzun illərdir davam edən transformasiyanın məntiqi nəticəsidir. Bu qərar ilk növbədə iqtisadi və texnoloji səbəblərlə bağlıdır. Naqilli telefon xidmətlərindən istifadə kəskin azalıb və operatorlar resurslarını daha müasir fiber-optik və mobil şəbəkələrin inkişafına yönəldirlər. Kibertəhlükəsizlik baxımından bu keçidə yalnız risk kimi baxmaq düzgün olmaz. Ənənəvi analoq telefon şəbəkələri internet üzərindən həyata keçirilən kiberhücumlara daha az məruz qalsa da, müasir IP əsaslı rabitə sistemləri güclü şifrələmə, autentifikasiya və davamlı təhlükəsizlik yeniləmələri ilə daha effektiv qoruna bilir”.

Əfsanə Mustafazadənin fikirlərinə görə, əsas risk kibertəhlükəsizlikdən daha çox rabitənin dayanıqlılığı ilə bağlıdır.

“Mobil və IP əsaslı xidmətlər elektrik enerjisindən, məlumat mərkəzlərindən və internet infrastrukturundan asılıdır. Genişmiqyaslı elektrik kəsintisi, kritik şəbəkə nasazlığı və ya koordinasiyalı kiberhücum zamanı rabitənin fasiləsizliyi xüsusi əhəmiyyət daşıyır.

Buna görə dövlətlər və operatorlar ehtiyat enerji mənbələri, alternativ rabitə kanalları və fövqəladə hallara hazırlıq planlarını gücləndirməlidirlər. Finlandiya kimi yüksək rəqəmsallaşmış ölkələrdə belə qərarlar adətən risk qiymətləndirilməsi əsasında qəbul edilir və milli kibertəhlükəsizlik strategiyası ilə uzlaşdırılır. Burada məqsəd köhnə texnologiyanı saxlamaq deyil, daha təhlükəsiz, dayanıqlı və effektiv rəqəmsal rabitə ekosistemi qurmaqdır, – deyə o bildirib.

Əfsanə Mustafazadə həmçinin vurğulayıb: “Stasionar telefon şəbəkələri kiberhücumlara daha az məruz qalırdı. Azərbaycanda stasionar telefonlardan istifadənin azalması qlobal rəqəmsallaşma prosesinin tərkib hissəsidir və bu, təkbaşına kibertəhlükəsizliyin zəifləməsi anlamına gəlmir. Lakin bu keçid müəyyən risklər yarada bilər və həmin risklərin düzgün idarə olunması vacibdir.

Ənənəvi stasionar telefon şəbəkələri internetdən asılı olmadığı üçün kiberhücumlara daha az məruz qalırdı. Mobil və IP əsaslı rabitə isə internet infrastrukturu üzərində qurulduğundan DDoS hücumları, xidmətin dayandırılması, fişinq və digər kibertəhdidlərə qarşı daha həssas ola bilər. Buna görə operatorların şəbəkələrini müasir kibermüdafiə həlləri ilə qoruması mühüm əhəmiyyət daşıyır”.

Əfsanə Mustafazadə əlavə edib: “Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı fonunda əsas prioritet köhnə texnologiyanı saxlamaq deyil, yeni rabitə sistemlərinin təhlükəsizliyini və dayanıqlığını təmin etməkdir. Əgər operatorlar və dövlət qurumları kibertəhlükəsizlik standartlarını gücləndirər, ehtiyat infrastruktur və fövqəladə hallar üçün alternativ rabitə imkanları yaradarlarsa, stasionar telefonların azalması ciddi təhlükəsizlik problemi yaratmayacaq”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »