Vətəndaş sosial mediada yazıb ki, Monteneqroda ölkənin ən turistik və dəbdəbəli yerlərindən olan Tivatda heç bir çimərlik özəlləşdirilməyib və hər kəs üçün açıq idi. Eyni zamanda bütün çimərliklərdə şərait çox yaxşı vəziyyətdə idi. Ətrafa ödənişsiz şezlonqlar yerləşdirilib, sadəcə, restoran kənarlarında yerləşdirilənlər ödənişlidir ki, onlar da çox minimal qiymətədir.
Serbiyada isə dəniz yoxdur, amma Dunay çayı var və insanlar yay aylarında günəşlənmək və üzmək üçün onun sahillərinə üz tuturlar. Orada da eyni vəziyyətdir: hər şey tam ödənişsizdir. Üstəlik, həm su, həm də ətraf təmiz saxlanılır.
O deyib ki, Azərbaycanda illərdir insanlar Xəzər sahilində baş verən problemlərdən çimərliklərin özəlləşdirilməsindən, ictimai çimərliklərdəki özbaşınalıqlardan yazırlar, amma dəyişən heç nə yoxdur. Hər il dəniz mövsümü başlayan kimi ölüm xəbərləri artır.
- Xəzər sahilində çimərliklərin özəlləşdirilməsi və ictimai çimərliklərin vəziyyəti barədə nə deyə bilərsiniz?
Yaranan sualla bağlı Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektoruna sorğu ünvanladıq.
Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: "Yerli və xarici turistlər tərəfindən Abşeron yarımadasındakı çimərliklərdə çatışmazlıqlarla bağlı Dövlət Turizm Agentliyinə çoxsaylı müraciətlər ünvanlanıb. Bu müraciətlər əsas götürülərək aparılan monitorinqlər nəticəsində bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyət, zəruri infrastruktur, təmizlik qaydalarına riayət edilməsi, tullantıların idarə olunması, sahil zolağının təmiz saxlanılması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı müəyyənləşdirilib”.
Həmçinin vurğulanıb ki, ictimai çimərliklərin yaradılması üçün işlərə başlanılıb: “2025-ci ildə Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində seçilmiş 5 çimərlikdə müasir tələblərə cavab verən ictimai (ödənişsiz) çimərliklər yaradılıb. Bu istiqamətdə işlər 2026-cı il yay mövsümünün əvvəlindən də davam etdirilib. Dövlət Turizm Agentliyi tərəfindən Türkan, Şüvəlan, Novxanı və Corat ərazilərində yeni ictimai çimərliklərin yaradılması üçün işlərə başlanılıb. Hər biri 2,5-3 hektar ərazini əhatə edən bu çimərliklərdə əhalinin istirahəti üçün hər cür şərait yaradılır. Hazırda işlər yekunlaşmaq üzrədir".
Günel Həsənova, Bizimyol.info






