ABŞ administrasiyasında İranla bağlı strategiya ətrafında fərqli yanaşmaların olduğu bildirilir. Vitse-prezident Ceyms Devid Vens diplomatik razılaşmanı ön plana çıxardığı halda, dövlət katibi Marko Rubio təzyiq siyasətinin davam etdirilməsinin vacibliyini vurğulayır.
Müşahidəçilər hesab edirlər ki, yekun istiqaməti müəyyən edəcək əsas amil Prezident Donald Trampın bu yanaşmalar arasında hansı balansı seçəcəyi olacaq.
ABŞ administrasiyasında İran siyasəti ilə bağlı fərqli yanaşmalar Vaşinqtonun Yaxın Şərq strategiyasına necə təsir göstərə bilər?
Politoloq Elşad Həsənov Bizimyol.infoya açıqlamasında bildirib ki, iyunun 18-də elektron formada imzalanan ABŞ–İran bəyannaməsi elə ilk günlərdən pozulmağa başlayıb.
Onun sözlərinə görə, buna səbəb İsrailin Livandan qoşunlarını çıxarmaması və bölgəyə vaxtaşırı zərbələr endirməsi olub. Ardınca İran etirazını bildirib, Hörmüz boğazında gərginlik yaşanıb, ABŞ İranın müəyyən obyektlərinə zərbələr endirib, Tehran isə cavab olaraq ABŞ-ın Bəhreyndəki hərbi bazasını hədəfə alıb.
Politoloqun fikrincə, İran ABŞ-a etibar etmir və bu səbəbdən münasibətlərin yaxın vaxtlarda normallaşacağı inandırıcı görünmür.
“ Bu gün ABŞ və İran arasında olan münasibətlər düzəlmir və düzəlməyəcək. Bu məsələyə əsas maneçilik törədən tərəf İsrail oldu. Çünki razılaşmanın ilk bəndi bölgədə, o cümlədən Livanda atəşkəsin təmin edilməsini nəzərdə tuturdu. Bu öhdəlik yerinə yetirilmədiyi üçün tərəflər arasında etimadsızlıq daha da dərinləşib”-deyə Elşad Həəsnov bildirib.
Politoloq hesab edir ki, bu gün ABŞ administrasiyasında fərqli yanaşmalar irəli sürülür.
Bir qrup diplomatik danışıqların davam etdirilməsinin tərəfdarıdır, digər qrup isə İrana qarşı təzyiqin, hətta hərbi variantın gündəmdə saxlanılmasını müdafiə edir.
Donald Tramp isə hələlik yekun qərar verməyərək danışıqların nəticəsini gözlədiyini və 60 günlük müddət ərzində irəliləyiş əldə olunmasa, alternativ addımların nəzərdən keçirilə biləcəyini bildirib.
Politoloq vurğulayıb ki, Dohada ABŞ və İran nümayəndələri arasında görüş keçiriləcəyi barədə məlumat yayılsa da, Tehran bunu təkzib edib və yaxın günlərdə belə bir görüşün planlaşdırılmadığını açıqlayıb: “Dövlət katibi Marko Rubio təzyiq siyasətinin davam etdirilməsini müdafiə etdiyi halda, vitse-prezident JD Vens diplomatik həll yoluna üstünlük verir və İranla danışıqların olduqca mürəkkəb keçdiyini etiraf edir”.
Elşad Həsənovun qənaətincə, ABŞ-ın Yaxın Şərq strategiyasında vahid xətt tam formalaşmayıb və Vaşinqtonun əsas müttəfiqi olan İsrail də prosesə təsir göstərən əsas amillərdən biridir. Bu səbəbdən 14 maddədən ibarət razılaşmanın icrası ləngiyir və regionda gərginlik davam edir.
Politoloq hesab edir ki, İran danışıqlar prosesindən geri çəkilməyəcək və mövqeyini daha da gücləndirməyə çalışacaq.
Elşad Həsənov Donald Trampın ABŞ-ın İrana qarşı üstünlük əldə etdiyini bildirən açıqlamalarını da daha çox daxili siyasi auditoriyaya, xüsusilə qarşıdan gələn aralıq seçkilərinə hesablanmış mesaj kimi qiymətləndirib.
Onun fikrincə, yaxın dövrdə bölgədə lokal toqquşmaların yenidən baş verməsi ehtimalı qalır. Bununla belə, mövcud şəraitdə 14 maddəlik razılaşmanın tam şəkildə icra olunması real görünmür.
İradə Cəlil, Bizimyol.info






