Qəbələ rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən iaşə obyektləri yığışdırılıb.
Bizimyol.info xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Məlumatda deyilir ki, iyunun 29-da Qəbələ Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların əməkdaşları şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısını alıb və onlar yığışdırılıb.
Maraqlıdır ki, bu obyektlərin yığışdırılmasına həmin kafelərdə çalışanlar cəlb olunub. Yəni, Qəbələ RİH və müvafiq qurumlar öz işçi heyətindən istifadə etmək əvəzinə, yeniyetmələri istismara məruz qoyub.
Bu faktı təsdiqləyən fotoları Qəbələ RİH özü rəsmi “Facebook” hesabında paylaşıb.
- Yeniyetmələrin işə cəlb olunması hansı hüquqi məsuliyyət yaradır?
Əkrəm HəsənovBu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi var. “Əmək qanunvericiliyinin pozulması” inzibati xətası həmin maddənin 8-ci bəndinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Əkrəm Həsənov əlavə edib: “Düşünürəm ki, burada başqa bir pozuntu da var. Əmək müqaviləsi də bağlanmayıb. Bu, həmin maddənin 1-ci bəndi üzrə də pozuntudur. Yəni əmək müqaviləsi hüquqi qüvvə almadan, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Burada həm 1-ci, həm də 8-ci bənd üzrə pozuntu tətbiq olunmalıdır".
Günel Həsənova, Bizimyol.info






