Taylandın şimal-şərqində yerləşən Mukdahan əyalətinin Muang rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, hadisə iyulun 2-də, yerli vaxtla saat 11:00 radələrində Mukdahan–Don Tan avtomobil yolunun Ban Na Vianq Kae yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
İstintaqın ilkin nəticələrinə əsasən, tək kabinalı, bürünc-qızılı rəngli "Isuzu" markalı pikapı idarə edən 11 yaşlı uşaq yolun kənarı ilə piyada gedən buddist rahiblərdən ibarət dəstənin üzərinə çıxıb.
Qəza zamanı orada 34 rahib və onları müşayiət edən 5 mülki şəxs olub. Onlar Mukdahan şəhərindən Ubon Ratçathani əyalətinə doğru hərəkət edirmişlər. Güclü zərbə nəticəsində avtomobilin ön hissəsi ciddi zədələnib, ziyarətçilər isə yolun müxtəlif istiqamətlərinə səpələniblər.
Hadisə yerində 5 rahib aldığı ağır xəsarətlərdən həyatını itirib. Yaralananlardan daha 3 nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra reanimasiya şöbəsində vəfat edib. Beləliklə, qəza nəticəsində ölənlərin sayı 8-ə çatıb. Daha 13 rahib isə müxtəlif tibb müəssisələrində həkim nəzarəti altında müalicə alır.
Araşdırma zamanı müəyyən edilib ki, avtomobil ailəyə məxsus evdən qaçırılıb. Uşağın 72 yaşlı nənəsinin ifadəsinə görə, nəvəsinin xüsusi qayğıya ehtiyacı var. O bildirib ki, uşaq səhər saatlarında gizlicə avtomobilin açarlarını götürərək pikapla evdən çıxıb.
Nənə dərhal hüquq-mühafizə orqanlarına müraciət edərək avtomobilin saxlanılmasını xahiş etsə də, yol patrulları nəqliyyat vasitəsini faciə baş verməzdən əvvəl dayandıra bilməyiblər.
Hazırda Tayland polisi azyaşlını polis bölməsində saxlayır. İstintaq çərçivəsində onun hərəkət marşrutu və avtomobilə nəzarəti itirməsinə səbəb olan hallar araşdırılır.
Bizimyol.info






