"Güclü Ermənistan" Partiyası digər müxalif qüvvələrlə birlikdə genişmiqyaslı mitinq keçirməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə partiyanın lideri, rusiyalı erməni iş adamı Samvel Karapetyan Ermənistan KİV rəhbərlərinə müsahibəsində bildirib.
Karapetyanın sözlərinə görə, qarşıdakı aksiyanın əsas məqsədi xalqın dəstəyini qazanmaq və müxalifətin birliyini nümayiş etdirməkdir.
“Əlavə etmək istəyirəm ki, yaxın vaxtlarda bütün müxalif qüvvələrlə birlikdə mitinq çağıracağıq. Mən onun “Güclü və etibarlı mitinq” adlandırılmasını təklif edirəm. Çünki yalnız bu halda həmin mitinqdə xalqımızın dəstəyini əldə edə bilərik”, – deyə o vurğulayıb.
Karapetyan müxalifətin vahid platformada çıxış etməsinin vacibliyini qeyd edib və cəmiyyətin dəyişiklik tələbinin nəzərə alınmalı olduğunu bildirib.
Planlaşdırılan mitinqin vaxtı və keçiriləcəyi məkan barədə hələlik əlavə məlumat açıqlanmayıb. Bununla belə, Ermənistan siyasi dairələrində bu təşəbbüs müxalifətin növbəti dövr üçün güc nümayişi kimi qiymətləndirilir.
Bizimyol.info






