İran və ABŞ arasında müzakirə olunan memorandum layihəsi uzun illər davam edən gərginliyin azaldılması və mərhələli sülh prosesinin başlanmasına yönəlib.
Sənəd hərbi qarşıdurmanın dayandırılması ilə yanaşı, sanksiyaların yumşaldılması və İranın beynəlxalq maliyyə sisteminə yenidən inteqrasiyasını nəzərdə tutur. Eyni zamanda nüvə proqramı üzrə qarşılıqlı öhdəliklər və regionda yeni təhlükəsizlik mexanizminin yaradılması planlaşdırılır. ABŞ qüvvələrinin mərhələli çıxışı və Körfəz bölgəsində nəqliyyat və iqtisadi əlaqələrin bərpası da əsas müddəalar sırasındadır.
- Bu plan tam həyata keçsə, Yaxın Şərqdə güc balansını necə dəyişə bilər?
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu memorandumda əsas məsələ İran və ABŞ arasındakı münasibətlərin normallaşmasıdır. Məsələyə daha çox bu prizmadan yanaşmaq lazımdır.
Politoloqun fikrincə, İran və ABŞ münasibətlərinin nizamlanması baxımından memorandumun əhəmiyyəti böyükdür. Lakin Yaxın Şərqdəki ümumi vəziyyətə gəldikdə, bunun sabitlik yaratmaqdan daha çox gərginliyi artırmaq ehtimalı da var.
Çünki İsrail və İran arasındakı münasibətlərdə hələ də ciddi qeyri-müəyyənlik hökm sürür. Vəziyyət olduqca gərgindir. Xüsusilə İsrailin Livan və Suriyada həyata keçirmək istədiyi əməliyyatlar bu prosesə ciddi təsir göstərə bilər.
“Hazırda İsrail Livanda Hizbullaha qarşı genişmiqyaslı əməliyyat keçirmək niyyətindədir. Təbii ki, İran buna səssiz qalmaq niyyətində deyil. Çünki məlum olduğu kimi, Hizbullah İranın ən böyük proksi qüvvəsidir. SEPAH komandanlığı da ard-arda verdiyi açıqlamalarla bu məsələyə görə İsraili təhdid edir”, – deyən politoloq hesab edir ki, ABŞ və İran arasında razılaşma imzalandıqdan sonra Vaşinqton İranın yeni rəhbərliyi ilə münasibətləri müsbət istiqamətdə inkişaf etdirməyə çalışacaq.
Bunun ardınca isə İran və İsrail arasında gərginləşən münasibətlərin nizamlanmasına səy göstərəcək.
Politoloqun fikrincə, burada əsas məsələlərdən biri regiondakı proksi qüvvələrin gələcək taleyi ilə bağlıdır. Bunun üçün həmin qüvvələrin fəaliyyət göstərdiyi ölkələrdə normal siyasi və hüquqi institutların formalaşdırılması vacibdir:
“Məsələn, HƏMAS məsələsinin həll olunması üçün Fələstində vahid dövlətçilik institutunun formalaşması zəruridir. Yalnız bu halda HƏMAS problemi daha sistemli şəkildə həll edilə bilər.
İkinci mühüm məsələ isə Hizbullahla bağlıdır. Bu kontekstdə Livanda dövlət institutlarının daha da gücləndirilməsi və Hizbullahın silahlı təşkilat kimi deyil, siyasi partiya kimi fəaliyyətini davam etdirməsi məsələsi aktuallaşa bilər.
Lakin bütün bunların baş verməsi üçün ABŞ ilk növbədə İranla münasibətlərini nizama salmalıdır. Bundan sonra isə İran və İsrail arasındakı problemlərin həlli istiqamətində real nəticələr əldə etməyə çalışmalıdır”.
İradə Cəlil, Bizimyol.info






