Uğurlu dövlət siyasəti və dəstək tədbirləri nəticəsində son 10 ildə aqrar sektorun, ümumilikdə, real ifadədə artımı 37,8 faiz olub. Bu artım həm bitkiçilik, həm də heyvandarlıq sahəsində özünü göstərib.
Bizimyol.info xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Zaur Əliyev bildirib ki, artım bitkiçilik məhsulları istehsalında 8,2 faiz, heyvandarlıq məhsulları istehsalında isə 29,6 faiz olub.
Əlavə olaraq balıq məhsulları istehsalında 2,7 dəfə, ümumilikdə, aqrar və ərzaq məhsullarının ixracında isə 90 faizdən çox artıma nail olunub.
“Bu makroiqtisadi göstəricilərlə yanaşı, həmçinin infrastruktur və resurs bazasının gücləndirilməsi istiqamətində də son 10 ildə mühüm nəticələr əldə edilib. Belə ki, soyuducu anbar tutumu 400 min tona, taxıl, silo və elevatorların tutumu 1,9 milyon tona, müasir suvarma tətbiq edilən əkin sahələri 130 min hektara, mövcud intensiv bağ sahələri 50 min hektara çatdırılıb”, – deyə nazir müavini bildirib.
- Son 10 ildə aqrar sektorda qeydə alınan 37,8% artımın səbəbləri nədir?
- Soyuducu anbarlar və suvarma sistemlərinin genişlənməsi kənd təsərrüfatının inkişafına necə təsir edir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, son illərdə ərzaq məhsullarının qiymətlərində ciddi bahalaşma müşahidə olunub: “10 ildə 37,8 faizlik artıma məncə inflyasiyanın yaratdığı görüntüdür. Çünki söhbət 10 illik dövrdən gedir. Bu göstərici illik orta hesabla təxminən 3 faizdən bir qədər çox artım deməkdir ki, kənd təsərrüfatının strateji əhəmiyyəti və bu sahəyə yönəldilən böyük dövlət vəsaitləri nəzərə alınanda o qədər də yüksək nəticə hesab edilmir. Bu il inflyasiya 6% ətrafındadı, bu il hələ sabitləşmə dövrü kimi qiymətləndirilir. Son illərdə ərzaq məhsullarının qiymətlərində ciddi bahalaşma müşahidə olunub və Azərbaycan hələ də buğda, bitki yağları, yem məhsulları və bir sıra digər ərzaq növləri üzrə idxaldan asılı olaraq qalır”.
Akif Nəsirli həmçinin deyib: “Soyuducu anbarların genişləndirilməsi məhsul itkilərinin azalmasına, fermerlərin məhsulu dərhal ucuz qiymətə satmaq məcburiyyətində qalmamasına və bazara daha sabit təklif çıxarılmasına kömək edir. Lakin təkcə anbarların sayının artırılması problemi həll etmir. Bir çox fermerlər üçün həmin anbar xidmətlərinin qiyməti əlçatan olmur və bəzi bölgələrdə logistika problemləri qalmaqdadır.
Suvarma sistemlərinin genişləndirilməsi isə xüsusilə iqlim dəyişiklikləri və su qıtlığı fonunda mühüm əhəmiyyət daşıyır. Müasir suvarma texnologiyaları məhsuldarlığı artırır, su itkilərini azaldır və daha keyfiyyətli məhsul əldə etməyə imkan verir. Ancaq reallıq ondan ibarətdir ki, ölkənin bir çox bölgəsində su çatışmazlığı hələ də ciddi problem olaraq qalır. Bəzi fermerlər mövsüm ərzində kifayət qədər su ala bilmədiklərini bildirirlər və bu da məhsuldarlığa mənfi təsir göstərir”.
Akif Nəsirli əlavə edib: “Ümumilikdə, son illərdə aqrar sektorda müəyyən irəliləyişlər əldə olunsa da, statistik artım göstəricilərini qiymətləndirərkən kənd yerlərində məşğulluq, fermerlərin gəlirləri, ərzaq təhlükəsizliyi, idxaldan asılılıq və məhsuldarlıq kimi meyarlar da nəzərə alınmalıdır. Bu baxımdan 37,8 faizlik artım müsbət nəticə sayılmır, onu aqrar sektorda tam keyfiyyət sıçrayışı kimi təqdim etmək olmaz”.
Günel Həsənova, Bizimyol.info






