Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir

Rusiya ilə Ermənistan arasında iqtisadi münasibətlərdə yaranan gərginlik son aylarda daha qabarıq şəkildə özünü göstərir. Moskva idxal məhdudiyyətlərini texniki və keyfiyyət səbəbləri ilə izah etsə də, bu addımların Ermənistanın xarici siyasət kursu ilə əlaqəli olduğu barədə iddialar səslənməkdədir. Xüsusilə parlament seçkiləri ərəfəsində baş verən bu proseslər iki ölkə arasında siyasi etimadın səviyyəsi ilə bağlı müzakirələri gücləndirib.

  • Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlər həqiqətən texniki xarakter daşıyır, yoxsa bu addımlar İrəvanın siyasi seçimlərinə təsir göstərmək məqsədi güdür?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlərin formal olaraq texniki və sanitariya standartları ilə əsaslandırılması Moskvanın klassik siyasi alətlərindən biri kimi görünür. Tarixən postsovet məkanında iqtisadi rıçaqlardan yalnız ticarət balansını tənzimləmək üçün deyil, həm də siyasi təsir vasitəsi kimi istifadə edib. Bu baxımdan Ermənistan məhsullarına qarşı tətbiq olunan idxal məhdudiyyətlərini sırf texniki məsələ kimi qiymətləndirmək çətindir. Xüsusilə Ermənistan hökumətinin son illərdə Qərblə münasibətləri dərinləşdirməsi və siyasi əməkdaşlığı genişləndirməsi, təhlükəsizlik məsələlərində Moskvanın rolunu açıq şəkildə sorğulaması fonunda bu addımlar daha çox siyasi mesaj xarakteri daşıyır.

“Kreml İrəvana göstərmək istəyir ki, geosiyasi kursun dəyişməsi iqtisadi nəticələr doğura bilər. Parlament seçkiləri öncəsi bu cür təzyiq isə həm hakimiyyətə, həm də ictimai rəyə yönəlmiş siqnal kimi oxunur. Başqa tərəfdən yanaşdıqda isə, Ermənistan Rusiyadan iqtisadi asılılığını azaltmağa nail olarsa, bu, Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarına ciddi zərbə vura bilər”.

Politoloq bildirib ki, hazırda Rusiya–Ermənistan münasibətlərində enerji, logistika, bank sektoru və miqrant transfertləri əsas təsir kanallarıdır. Bu asılılıq zəiflədikcə, Moskvanın İrəvan üzərində təsir rıçaqları da məhdudlaşacaq.

Elman Telmanoğlu hesab edir ki, belə bir ssenari daha geniş regional nəticələr yarada bilər. Ermənistanın alternativ bazarlara, xüsusilə Yaxın Şərq və Asiya iqtisadi şəbəkələrinə inteqrasiyası Rusiyanın Cənubi Qafqazda ənənəvi hegemon rolunu zəiflədə bilər. Bu, eyni zamanda regionda çoxqütblü siyasi balansın formalaşmasını sürətləndirə bilər; yəni Moskvanın dominant aktor olduğu model yerini daha rəqabətli geosiyasi mühitə verə bilər.

“Rusiyanın iqtisadi məhdudiyyətləri yalnız ticarət məsələsi deyil, həm də siyasi təsir mexanizmi kimi qiymətləndirilməlidir. Ermənistanın iqtisadi diversifikasiya səylərinin uğuru isə təkcə iki ölkə arasındakı münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazın gələcək güc balansını müəyyən edən əsas faktorlardan birinə çevrilə bilər”, – deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »