Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvaya böyük dron hücumu: Neft zavodu vuruldu, hava limanları bağlandı
Moskvaya böyük dron hücumu: Neft zavodu vuruldu, hava limanları bağlandı

Ukrayna Rusiyanın paytaxtı Moskvaya müharibənin başlanmasından bəri ən genişmiqyaslı dron hücumlarından birini həyata keçirib. Hücum nəticəsində Moskvanın əsas enerji obyektlərindən sayılan Kapotnya neft emalı zavodunda yanğın baş verib, şəhərin bir neçə hava limanında isə uçuşlar dayandırılıb.

Bizimyol.info xəbər verir ki, Rusiya rəsmilərinin məlumatına görə, gecə saatlarında müxtəlif istiqamətlərdən yüzlərlə pilotsuz uçuş aparatı ölkə ərazisinə daxil olub. Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemlərinin paytaxta yönələn çoxsaylı dronları vurduğunu, lakin bəzilərinin hədəflərə çatdığını bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Kapotnya neft emalı zavodundan qalxan qalın tüstü müşahidə olunur. Məlumata görə, bu müəssisə Moskvanın benzin və dizel ehtiyacının əhəmiyyətli hissəsini təmin edir. Hücum səbəbindən zavodun fəaliyyəti dayandırılıb.

Hadisədən sonra Moskvanın Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi reyslər təxirə salınıb və sərnişinlərin təxliyəsi həyata keçirilib. Şəhərin bəzi yollarında da hərəkət məhdudlaşdırılıb.

Ukrayna prezidenti Vladimir Zelenski hücumun Rusiyanın son günlər Kiyevə və digər şəhərlərə endirdiyi raket zərbələrinə cavab olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna müharibəni istəmir, lakin Rusiya hücumlarını davam etdirdikcə cavab addımları da qaçılmaz olacaq.

Son günlər Rusiya ordusu Kiyevə ballistik raket və dron hücumlarını artırıb. Hücumlar nəticəsində paytaxtda ölən və yaralananların olduğu, tarixi və dini obyektlərin zərər gördüyü bildirilir.

Ekspertlər hesab edirlər ki, Ukraynanın Moskvaya qədər uzaq məsafədə dəqiq zərbələr endirə bilməsi Kiyevin uzun mənzilli dron imkanlarının ciddi şəkildə inkişaf etdiyini göstərir. Müharibənin hava cəbhəsində gərginliyin daha da artacağı istisna olunmur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »