Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kommunistlərin hakimiyyətə gəlməsi niyə mümkün sayılmır?
Kommunistlərin hakimiyyətə gəlməsi niyə mümkün sayılmır?

Son sorğular Vahid Rusiya Partiyasının reytinqində azalma tendensiyasını, Rusiya Federasiyası Kommunist Partiyasıın isə müəyyən yüksəlişini göstərir.

Siyasi rəqabətin əsas xətti daha çox hakim partiya ilə kommunistlər arasında formalaşmağa başlayıb. KPRF sosial ədalət və dövlət nəzarətində iqtisadiyyat kimi mesajlarla seçicilərə çıxış edir. Başqa partiyalar isə daha çox formal iştirakçı rolunda qalır.

  • Bu dəyişən siyasi balans Rusiyada gələcək seçki nəticələrinə necə təsir edə bilər?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada Vahid Rusiya Partiyasının reytinqinin aşağı düşməsi və ya yuxarı qalxması Rusiyanın siyasi sistemində həlledici amil deyil. Rusiyada hakimiyyətin formalaşması formal olaraq seçkilər yolu ilə həyata keçirilsə də, faktiki vəziyyət fərqlidir.

“Birbaşa Rusiya Prezidenti Vladimir Putin də, demək olar ki, partiya amili ilə o qədər də maraqlanmır. Hazırda Rusiyada Rusiya Federasiyası Kommunist Partiyasının hakimiyyətə gəlməsi, nəinki qanunvericilik orqanında əsas yerləri tutması, ümumiyyətlə mümkün görünmür. Vladimir Putin və onun komandası Rusiyada avtoritar siyasi sistem formalaşdırıblar. Bu komanda əsasən Federal Təhlükəsizlik Xidmətindən çıxmış şəxslərdən ibarətdir və Federal Təhlükəsizlik Xidməti partiya sistemi ilə yaxından bağlı olan bir qurum deyil”-deyən politoloq bildirib ki, partiya sistemi daha çox onların siyasi planlarını həyata keçirmək üçün istifadə olunan mexanizm rolunu oynayır.

Politoloqun fikrincə, Rusiyada vətəndaşların səsvermə hüququ olsa da, bu amil həlledici rol oynamır. Hakimiyyət və qanunvericilik sistemi əsasən güc strukturları və Federal Təhlükəsizlik Xidməti tərəfindən formalaşdırılıb.

Bu baxımdan, Rusiyada partiyaların fəaliyyət göstərməsi, onların reytinqinin aşağı düşməsi və ya yüksəlməsi mövcud siyasi sistem üçün o qədər də böyük əhəmiyyət daşımır.

“Bununla belə, Vladimir Putinin şəxsi reytinqində müəyyən eniş müşahidə olunur. Onun Ukraynada apardığı müharibə ölkədə inflyasiyanın artmasına, iqtisadi problemlərin dərinləşməsinə və sosial vəziyyətin ağırlaşmasına səbəb olur.

Çünki demək olar ki, hər gün Ukrayna tərəfindən həyata keçirilən hücumlar nəticəsində enerji infrastrukturu zərər görür. Artıq Rusiyada benzin qıtlığı ilə bağlı problemlər də müşahidə olunur. Bütün bunlar Vladimir Putinin fəaliyyətinə dair cəmiyyət daxilində əlavə suallar yaradır”-deyən politoloq vurğulayıb ki, vəziyyət nə qədər dramatik görünsə də, yaxın perspektivdə Rusiya xalqının mövcud hakimiyyətə qarşı genişmiqyaslı şəkildə çıxış edəcəyi gözlənilmir. Bunun əsas səbəbi ölkədə formalaşmış siyasi idarəetmə modeli və güc strukturlarının proseslər üzərində ciddi nəzarətə malik olmasıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »