Paşinyanın parlamentdə müxalifətə qarşı sərt çıxışı Ermənistan daxilində siyasi qarşıdurmanın daha da dərinləşdiyini göstərir. O, müxalif liderləri “üçbaşlı müharibə partiyası” adlandıraraq onları ölkənin gələcəyi üçün təhlükə kimi təqdim edib.
Baş nazir həm seçkilərin saxtalaşdırılması, həm də qondarma “Artsax” məsələsi ilə bağlı müxalifətin arqumentlərini rədd edib və onları açıq şəkildə meydanda güclərini sınamağa çağırıb.
Bu çıxış Paşinyanın seçkilər öncəsi daxili siyasi rəqiblərinə qarşı daha sərt xətt tutduğunu nümayiş etdirir.
Paşinyanın müxalifətə qarşı bu qədər sərt ritorikası Ermənistanın daxili siyasi sabitliyinə necə təsir göstərə bilər?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın müxalifətə qarşı sərt mövqe nümayiş etdirəcəyi öncədən bəlli idi. Hələ seçki kampaniyası dövründə müxalifətin ona qarşı apardığı kampaniyaya cavab olaraq bildirmişdi ki, seçkilərdən sonra müxalifət, ümumiyyətlə, parlamentə keçə bilməyəcək.
Onların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı kifayət qədər faktlar var. Seçkilərdən sonra biz artıq bununla bağlı konkret addımların atıldığını görməkdəyik.
Politoloqun fikrincə, Paşinyanın dünənki çıxışı da əslində onun atdığı addımların ardıcıllığını göstərir və şübhəsiz ki, Paşinyana müxalif olan qüvvələr vaxtilə kifayət qədər həm hərbi, həm də digər cinayətlər törətmiş şəxslərdir.
Onların əksəriyyəti korrupsiya və rüşvət məsələləri ilə ittiham olunur. Dövlət əmlakının talanması və başqa məsələlərlə bağlı istintaq araşdırmaları aparılmaqdadır.
Paşinyanın bu sərt mövqeyinə gəlincə, politoloq deyib ki, bu, gözlənilən idi və xüsusilə, Paşinyanın Koçaryan, Karapetyan və Tsarukyan üçlüyünə qarşı sərt mövqeyi həm də Rusiyaya mesaj kimi dəyərləndirilə bilər.
Çünki bu qüvvələrin arxasında duran Rusiyadır və məhz onlar Rusiyanın təlimatı ilə hərəkət edirlər.
Yəni Rusiya Paşinyana məhz bu qüvvələrin vasitəsilə təzyiq etməklə onu öz təsiri altında saxlamağa, yaxud onun şərtlərini qəbul etməyə vadar etməyə çalışır.
Paşinyan məhz onların üzərinə gedərək bu məsələdə öz mövqeyinin güclü olduğunu göstərməyə çalışır və Rusiyanı da onunla, necə deyərlər, hesablaşmağa vadar etmək istəyir.
Paşinyanın müxalifəti meydanlara çağırması və Qarabağ məsələsi ilə bağlı fikirlərinə gəldikdə isə, politoloqun fikrincə, bu kifayət qədər ciddi məsələdir.
“Əslində Paşinyan çox yaxşı bilir ki, bu seçkilərdə müxalifətə verilən təxminən 40 faiz səs Paşinyanı qəbul etməyən qüvvələrin səsi olsa da, onlar səs verdikləri qüvvələri meydanlarda, yaxud ardıcıl şəkildə müdafiə etməyəcəklər. Çünki səs verənlərin yalnız bir qismi bu etiraz aksiyalarına qoşula bilər. Yəni bu baxımdan o, arxayındır ki, müxalifət meydanlara ciddi bir kütlə çıxarmayacaq və bu da onun üçün hansısa təhdid yaratmayacaq”, – deyə politoloq bildirib.
Paşinyanın onları Qarabağ məsələsini gündəmdə saxlamaqda ittiham etməsinə gəlincə, Oqtay Qasımov deyir ki, bu, olduqca doğru mövqedir. Çünki Paşinyan çox yaxşı anlayır ki, məhz bu məsələ üzərində manipulyasiya etmək Paşinyan hakimiyyəti və ümumilikdə ölkənin gələcəyi ilə bağlı kifayət qədər ciddi problemlər yarada bilər.
Bu səbəbdən də Paşinyan müxalifəti və bütün cəmiyyəti reallıqları qəbul etməyə və buna uyğun addımlar atmağa səsləyir.
İradə Cəlil, Bizimyol.info






