Yaponiyada bütöv bir göydələnin yuxarıdan aşağıya doğru, mərtəbə-mərtəbə sökülməsi sosial mediada yayılan videogörüntülərdə geniş marağa səbəb olub.
Bildirilir ki, 2012-ci ildə Tokioda “Grand Prince” otelinin sökülməsi qərara alındı, lakin bina sıx şəhər mərkəzində yerləşdiyi üçün onu partlatmaq mümkün deyildi.
Məhz o zaman inqilabi bir həll yolu tapıldı: binanın üzəri xüsusi bir qapaqla örtüldü və daxildən sökülərək, dam hissəsi domkratlar vasitəsilə aşağı endirildi. Sonralar bu üsuldan daha bir neçə dəfə istifadə olunsa da, o, kütləvi xarakter almadı, çünki həddindən artıq uzun vaxt aparır və baha başa gəlirdi.
- Bu prosesdə hansı təhlükəsizlik tədbirləri tətbiq olunur?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Ümumdünya Reklamçılar Birliyinin üzvü, memar Cahid Həsənov bildirib ki, bu metodların geniş yayılmamasının əsas səbəbi onların çox baha başa gəlməsidir: “Hündürmərtəbəli binaların söküntüsündə, xüsusilə Yaponiya kimi texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə yeni üsullar tətbiq olundu. Lakin bu metodların geniş yayılmamasının əsas səbəbi onların çox baha başa gəlməsidir.
Bakı şəhərində isə yüzlərlə, minlərlə 3-4-5 mərtəbəli binaların söküntüsü nəzərə alındıqda, bu tip tikililər üçün ənənəvi söküntü üsulu maddi baxımdan sərfəli və əlverişlidir. Təbii ki, bütün hallarda ciddi təhlükəsizlik qaydalarına əməl olunmalıdır ki, ətraf binalara, yollara və insanlara hər hansı zərər dəyməsin. Bunun üçün ərazidə mühafizəedici konstruksiyaların qurulması vacibdir. Təhlükəsizlik əsas götürüldükdə, burada texniki avadanlığın söküntü zamanı binanın 5-ci mərtəbəsinə qaldırılması və sökə-sökə aşağıya doğru hərəkət etməsi müəyyən risklər yarada bilər. Söküntü zamanı yaranan titrəmələr nəticəsində binada ani çökmə ehtimalı da baş verə bilər. Ona görə ki, bunun özünün spesifik xüsusiyyətləri, qaydaları var. Yalnız bu qaydalar əsasında bu söküntü işləri aprılmalıdır”.
Cahid Həsənov həmçinin deyib: “Pərakəndə şəkildə, yaxud bir texniki vasitənin qaldırılıb 5-ci mərtəbəyə yerləşdirilməsi və bu işin naşı, xüsusi, sertifikatı olmayan, bu sahədə çalışmayan şəxslərə həvalə olunması qəti şəkildə düzgün deyil. Bu prosesdə mütləq qoruyucu konstruksiyalar qurulmalı və iş tam peşəkarlıqla aparılmalıdır.
Necə ki, bina inşa olunarkən konstruktiv hesabat hazırlanır, söküntü işləri də həmin prinsip əsasında aparılmalıdır. Yəni əvvəlcədən müəyyən edilməlidir ki, hansı hissələr -istər rezerlər, istər döşəmələr, istərsə də sütunlar – hansı ardıcıllıqla söküləcək.
Bu qaydalara əməl olunduqda heç bir qorxusu yoxdur. Daha az sərfiyyatla binanın söküntüsünü təhlükəsiz şəkildə başa çatdırmaq mümkündür”.
Günel Həsənova, Bizimyol.info






