Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Tiflis ölkənin suverenliyinin bərpası istiqamətində düşünülmüş və qətiyyətli seçim edib. Zaxarovanın sözlərinə görə, Moskva Tiflisin xarici diktədən uzaqlaşmaq cəhdlərini anlayışla qarşılayır və Gürcüstanla münasibətlərin dərinləşdirilməsinə hazırdır.
Rusiya–Gürcüstan münasibətlərində mümkün yaxınlaşma Cənubi Qafqazda geosiyasi rəqabəti daha da mürəkkəbləşdirə bilər. Bu proses həm Qərbin, həm də region ölkələrinin siyasətinə dolayı təsir göstərir. Lakin əsas həll olunmamış məsələ hələ də ərazi bütövlüyü və təhlükəsizlik təminatlarıdır.
- Bu dinamika regionda Türkiyənin vasitəçi rolunu gücləndirə bilərmi?
Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Ukrayna müharibəsi fonunda Qərblə qarşıdurmasının dərinləşdiyi bir vaxtda postsovet məkanında öz mövqelərini qorumağa və mümkün olduğu yerlərdə təsir imkanlarını genişləndirməyə çalışır. Bu baxımdan Tiflisin son illərdə bəzi məsələlərdə Brüssel və Vaşinqtonla məsafəli davranması Moskva tərəfindən müsbət siqnal kimi qəbul edilir.
Politoloqun fikrincə, Rusiya–Gürcüstan münasibətlərində mümkün yaxınlaşmanı strateji ittifaq səviyyəsində qiymətləndirmək hələ tezdir. Çünki iki ölkə arasında əsas problem olaraq qalmaqda davam edən Abxaziya və Cənubi Osetiya məsələləri həll edilməyib. Gürcüstan haqlı olaraq bu əraziləri ölkənin ayrılmaz hissəsi hesab edir və Moskvanın həmin bölgələrin müstəqilliyini tanıması Tiflis üçün ciddi siyasi və hüquqi problem yaradır. Bu səbəbdən iqtisadi və texniki əməkdaşlığın genişlənməsi mümkün görünsə də, tam siyasi yaxınlaşma üçün hələ ciddi maneələr mövcuddur.
“Türkiyənin rolu məsələsinə gəldikdə isə, yaranan dinamika müəyyən mənada Ankaranın vasitəçilik imkanlarını artırır. Türkiyənin həm Rusiya, həm də Gürcüstanla kifayət qədər yaxşı münasibətləri mövcuddur. Xüsusilə enerji, nəqliyyat və ticarət layihələrinin mərkəzində yerləşən Ankara regional dialoq platformalarının təşviqində maraqlıdır. Bununla belə, Türkiyənin vasitəçilik imkanları daha çox iqtisadi və kommunikasiya sahələrində təsirli ola bilər. Ərazi mübahisələri və təhlükəsizlik məsələlərində isə qərarverici amillər yenə də Moskva və Tiflis arasında formalaşacaq siyasi iradədən asılı olacaq”, – deyə politoloq bildirib.
Yusif Bağırzadə qeyd edib ki, Gürcüstanın Qərblə inteqrasiya kursunun zəifləməsi məsələsi də birmənalı qiymətləndirilə bilməz. Bəli, son illərdə Tiflisin bəzi qərarları Avropa strukturlarında narahatlıq doğursa da, Gürcüstan cəmiyyətinin əhəmiyyətli hissəsi hələ də Avropa və transatlantik inteqrasiyanı ölkənin strateji istiqaməti hesab edir. Buna görə də Rusiya ilə münasibətlərin normallaşdırılması avtomatik olaraq Qərbdən uzaqlaşma anlamına gəlməməlidir. Bu, daha çox çoxşaxəli xarici siyasət kursunun formalaşdırılması cəhdi kimi görünür.
Politoloqun fikrincə, Cənubi Qafqaz təcrübəsi göstərir ki, regionda sabitlik yalnız böyük güclərin razılaşmaları ilə uzunmüddətli şəkildə təmin edilə bilmir. Xarici güclər müəyyən dövrlərdə balans yaratsalar da, dayanıqlı təhlükəsizlik modeli region ölkələrinin öz aralarında qurduğu əməkdaşlıq mexanizmlərinə söykənməlidir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan iqtisadi və nəqliyyat əməkdaşlığı bunun uğurlu nümunələrindən biridir. Əgər gələcəkdə regional dövlətlər təhlükəsizlik, iqtisadiyyat və kommunikasiya sahələrində daha institusional əməkdaşlıq qura bilsələr, o zaman Cənubi Qafqazın sabitliyi böyük güclərin rəqabətindən daha az asılı vəziyyətə düşə bilər.
“Bu səbəbdən hazırkı mərhələdə Rusiya–Gürcüstan yaxınlaşmasının taleyini müəyyən edəcək əsas amil tərəflərin tarixi mübahisələri necə idarə etməsi və region ölkələrinin müstəqil əməkdaşlıq imkanlarını nə dərəcədə genişləndirə bilməsi olacaq”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






