G7 liderləri Fransada keçirilən sammitdə İran və Ukrayna müharibəsi fonunda ABŞ Prezidenti Donald Trampla gərgin müzakirələr aparıblar.
Tramp Hörmüz boğazının təhlükəsizliyi üçün Avropa müttəfiqlərinin dəstəyini tələb edərək, bunun müqabilində Ukraynaya dəstəyin artırılmasına hazır olduğunu bildirib. Nəşrlərə görə, ABŞ və G7 arasında mümkün “saziş konturları” müzakirə olunur və tərəflər qarşılıqlı öhdəliklərə açıq görünür. Almaniya kansleri Fridrix Merz isə danışıqlardan müəyyən nikbinlik hiss etdiyini qeyd edib.
- Bu gedişat ABŞ-ın həm Ukrayna, həm də İran siyasətində Avropa üzərindən daha aktiv rol oynamaq cəhdini göstərirmi?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları əslində nə İran məsələsində, nə də Ukrayna məsələsində geri addım atmaq niyyətində olmadığını bir daha təsdiqləmiş oldu. Yəni Amerikanın əsas istəyi bir şəkildə, ya birbaşa, ya da dolayısı ilə bu məsələlərdə, yəni bu münaqişələrdə öz mövqeyini qoruyub saxlamaqdır.
“Ukrayna məsələsində dolayısı ilə Avropanın əli ilə bu prosesləri aparmaq istəyirsə, İran məsələsində, xüsusən də Körfəz və Hörmüz boğazı məsələsində isə daha çox birbaşa özü iştirak etmək istəyir. Əslində hətta Amerika İranla münasibətlərin qurulması fikrində də ola bilər. Çünki Amerika başa düşür ki, İranla münasibətlərin gərgin olmasından daha önəmli olan İranla münasibətlərin yenidən qurulmasıdır. Çünki nə qədər İranla gərgin münasibətlər davam edəcəksə, bir o qədər Çinin Yaxın Şərqdə İran üzərindən möhkəmlənmə siyasəti arta bilər, hətta Rusiyanın da təsiri güclənə bilər” - deyə o bildirib.
Politoloq vurğulayıb ki, Trampa bunu izah edənlər gələcəkdə İranla münasibətlərin düzəlməsi istiqamətində işləri artıra bilər və böyük ehtimalla hətta bu baş verən iki münaqişənin də əsas pərdəarxası məqsədi məhz İranla münasibətləri tənzimləmək və İrana müəyyən təzyiqlər göstərmək ola bilər.
“ABŞ-ın, xüsusən də Donald Trampın bu qədər istəyinin tam qarşılanacağı və İsrailin kənarda dayanıb sadəcə müşahidəçi qalacağı mümkün görünmür. ABŞ nə qədər Avropa ilə münasibətlər üzərindən Ukrayna məsələsini və İran məsələsini birgə aparmaq istəsə də, bir tərəfdən də İsrailin mövqeyini nəzərə almağa məcburdur və böyük ehtimalla İsrail də bunu dəyişməyə və təsir göstərməyə çalışacaq”-deyən politoloq hesab edir ki, əgər belə bir vəziyyət yaranarsa, bu, İsrailin Amerika ilə münasibətlərinə ciddi təsir göstərə bilər.
İradə Cəlil, Bizimyol.info






