Hindistanın baş naziri Narendra Modi Fransada keçirilən G7 sammiti çərçivəsində Almaniya kansleri Friedrix Merz ilə görüş keçirib. Görüşdə Ukrayna və Yaxın Şərqdəki vəziyyət əsas müzakirə mövzusu olub.
Bizimyol.info xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, tərəflər əsas regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət və Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, tərəflər Yaxın Şərqdəki münaqişənin dayandırılmasına yönəlmiş əldə olunan razılaşmaları müsbət qarşılayıblar.
Görüşdə həmçinin ikitərəfli münasibətlərin hazırkı vəziyyəti də müzakirə olunub və ticarət, investisiya, müdafiə və təhlükəsizlik, dayanıqlı inkişaf, texnologiya, innovasiya, təhsil və mobillik kimi sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə sadiqlik təsdiqlənib.
Məlumata görə, tərəflər müdafiə-sənaye sahəsində əməkdaşlıq üzrə yol xəritəsinin imzalanmasını və Almaniya ərazisindən tranzit keçən Hindistan vətəndaşları üçün vizasız rejimin tətbiqini də müsbət qarşılayıblar.
Bizimyol.info






