G7 liderlərinin Ukraynaya dair son razılaşması Qərbin Rusiyaya qarşı daha koordinasiyalı və sərt strategiyaya keçdiyini göstərir. Hərbi yardım paketlərinin genişləndirilməsi və uzaqmənzilli silahların tədarükü müharibənin gedişatında yeni bir mərhələ yarada bilər. Eyni zamanda enerji sektoruna yönəlmiş sanksiyalar Rusiyanın iqtisadi dayanıqlığını zəiflətməyə hesablanıb. ABŞ-ın bu dəfə daha vahid mövqe sərgiləməsi Qərb blokunda əvvəlki parçalanmanın azaldığını nümayiş etdirir.
- Bu yeni G7 konsolidasiyası müharibəni qısa müddətdə bitirməyə təkan verə bilər, yoxsa əksinə, daha uzun və kəskin mərhələyə gətirib çıxarar?
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, G7 liderlərinin Ukrayna böhranı ətrafında nümayiş etdirdiyi son konsolidasiya və qəbul edilən qərarlar müharibənin dinamikasını köklü şəkildə dəyişdirən strateji dönüş nöqtəsidir. Onun fikrincə, bu addımlar Qərbin indiyə qədər yürütdüyü “münaqişəni idarəolunan səviyyədə saxlamaq” taktikasından imtina edərək, Rusiyanın strateji məğlubiyyətinə yönəlmiş daha aqressiv və mütəşəkkil doktrinaya keçdiyini göstərir.
Politoloqun sözlərinə görə, ABŞ-ın daxili siyasi tərəddüdləri geridə qoyaraq müttəfiqləri ilə vahid cəbhədən çıxış etməsi kollektiv Qərbin resurslarını daha effektiv səfərbər etməsinə şərait yaradır. Lakin bu yeni geosiyasi reallıq müharibənin tezliklə başa çatmasından daha çox, onun daha uzunmüddətli, kəskin və eskalasiya riski yüksək olan yeni bir fazaya keçdiyini göstərir.
“Uzaqmənzilli silahların tədarükü və hərbi yardım paketlərinin keyfiyyət baxımından genişləndirilməsi cəbhədəki hərbi balansı Ukraynanın xeyrinə dəyişə bilər. Rusiyanın dərinliklərindəki logistik qovşaqların və hərbi infrastrukturun hədəfə alınması imkanı Moskvanın hücum potensialını ciddi şəkildə zəiflətməyə yönəlib”, – deyə politoloq bildirib.
O qeyd edib ki, enerji sektoruna tətbiq edilən hədəfli sanksiyalar Kremlin hərbi maşınını maliyyələşdirən iqtisadi dayaqları uzunmüddətli perspektivdə zəiflətməyi hədəfləyir. Qərb bu addımlarla Rusiyaya baha başa gələn “tükənmə müharibəsi” strategiyasını tətbiq edir. Məqsəd Rusiyanı resurs qıtlığı və hərbi dalan vəziyyətinə gətirərək, onu sonda öz şərtləri ilə deyil, beynəlxalq hüququn prinsipləri çərçivəsində danışıqlara məcbur etməkdir.
Bununla belə, politoloqun fikrincə, G7-nin bu qətiyyətli mövqeyinin müharibəni qısa müddətdə bitirəcəyini gözləmək həddindən artıq optimist yanaşma olardı.
Onun sözlərinə görə, realpolitik baxımdan Qərbin təzyiqlərinin artması Kremlin asimmetrik və daha sərt cavab tədbirlərini gücləndirməsinə səbəb olur. Rusiya rəhbərliyi bu müharibəni ekzistensial mübarizə kimi qiymətləndirdiyi üçün geri addım atmaq əvəzinə daxili resursların tam səfərbər edilməsinə, iqtisadiyyatın hərbi rejimə keçirilməsinə və nüvə ritorikasının kəskinləşməsinə yol aça bilər.
Eyni zamanda, artan sanksiyalar təzyiqi Rusiyanı Çin, Şimali Koreya və İran kimi alternativ güc mərkəzləri ilə hərbi-strateji əməkdaşlığı dərinləşdirməyə sövq edir ki, bu da münaqişənin qloballaşma riskini artırır və onu lokal çərçivədən çıxarır.
“G7 konsolidasiyası müharibənin qısa zamanda sülhlə bitməsinə deyil, tərəflərin daha sərt və güzəştsiz mövqe tutduğu kəskin qarşıdurma mərhələsinə keçidi gücləndirir. Münaqişə artıq yalnız Ukrayna ərazisində gedən hərbi əməliyyatlarla məhdudlaşmır; bu, Qərbin texnoloji-iqtisadi üstünlüyü ilə Rusiyanın strateji dözümlülüyü və asimmetrik imkanları arasında qlobal bir sınağa çevrilib. Bu mərhələdə diplomatik həll imkanları zəifləyir və müharibənin gedişatı tərəflərdən birinin resurslarının və ya daxili siyasi iradəsinin tükənməsinə qədər davam edən uzunmüddətli gərginlik trayektoriyasına daxil olur”, – deyə Tural İsmayılov bildirib.
İradə Cəlil, Bizimyol.info






