Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda gözlənilən xalq üsyanı niyə baş vermədi? Səbəblər açıqlandı
İranda gözlənilən xalq üsyanı niyə baş vermədi? Səbəblər açıqlandı

ABŞ Prezidenti Donald Tramp İranda və digər ölkələrdə hakimiyyət dəyişikliyinin xarici müdaxilə yolu ilə həyata keçirilməsinin səmərəli olmadığını bildirib. O, illər ərzində baş verən rejim dəyişikliklərinin gözlənilən nəticələri vermədiyini qeyd edib. Tramp vurğulayıb ki, belə proseslər yalnız daxili səbəblərlə və təbii şəkildə baş verməlidir.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tramp haqlıdır. Onun fikrincə, kənar müdaxilə İranda rejim dəyişikliyini reallaşdıra bilmədi.

“Düzdür, əvvəllər belə ümidlər var idi. Ehtimal olunurdu ki, Amerikaya qarşı hücum və ya ciddi gərginlik yaranarsa, ölkə daxilində xalq ayaqlanacaq və bu, rejim dəyişikliyinə gətirib çıxaracaq. Amma proses fərqli istiqamətdə inkişaf etdi. Kənar müdaxilə, əksinə, bir çox hallarda xalqın rejimin və mövcud hakimiyyətin ətrafında daha sıx birləşməsinə səbəb oldu.

Trampın açıqlaması ilə demək istədiyi odur ki, ABŞ-nin bu tip müdaxilələrinin effektivliyi məhduddur və belə cəhdlərdən nəticə çıxarılmalıdır. Yəni artıq bu yolla rejim dəyişməsinin mümkün olmadığı qəbul edilir və gələcəkdə buna bənzər addımların atılması ehtimalı azalır. Eyni zamanda mesaj ondan ibarət ola bilər ki, əsas dəyişiklik xarici təzyiqlə yox, İranın öz daxili sosial və siyasi prosesləri ilə baş verə bilər”.

Əli Mustafa qeyd edir ki, hazırda müzakirə olunan razılaşma fonunda Trampın daha çox dinc yanaşı yaşama və gərginliyin azaldılması ideyasını önə çıxardığı da görünür. Bu yanaşma bir tərəfdən təzyiqlərin yumşaldılması, digər tərəfdən isə açıq qarşıdurmadan uzaq durmaq kimi qiymətləndirilə bilər. Yəni bu, tamamilə sərt xəttdən imtina olmasa da, daha praqmatik və balanslaşdırılmış yanaşmaya keçid kimi də izah oluna bilər.

Politoloqun fikrincə, İranda rejimin tam şəkildə dəyişdirilməsi planı baş tutmayıb. Lakin bəzi siyasi dəyişikliklər və fərqli yanaşmalar nəticəsində müəyyən səviyyədə uzlaşma və qarşılıqlı qəbul formalaşıb. Bu baxımdan tərəflərin tam istədiklərinə çatmadığı, amma qismən nəticə əldə etdiyi demək olar.

Politoloq hesab edir ki, bütün hallarda ABŞ ilə İran arasında hər hansı yeni qarşıdurma yaranarsa, bu, əvvəlkilərdən daha ehtiyatlı və daha planlı şəkildə idarə olunacaq. Hazırkı mərhələdə isə açıq qarşıdurma yerinə daha çox diplomatik təzyiq və razılaşma axtarışı ön plandadır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »