Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Ermənistan arasında ticarətdə yeni mərhələ: yanacaq ixracı başladı
Azərbaycan və Ermənistan arasında ticarətdə yeni mərhələ: yanacaq ixracı başladı

2026-cı ilin yanvar–may aylarında Azərbaycan Ermənistana 11,2 milyon dollar dəyərində mal tədarük edib, may ayında isə bu rəqəm 1,6 milyon dollar olub. Eyni dövrdə Ermənistanın Azərbaycana dolayı ixracı 960 milyon dollar təşkil edib. May ayında isə Ermənistandan Azərbaycana birbaşa ixrac qeydə alınmayıb.

  • Bu rəqəmlər iqtisadi münasibətlərin normallaşması istiqamətində hansı siqnalları verir?

Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana yanacaq məhsullarının ixracına başlayıb. Eyni zamanda Azərbaycan üzərindən Ermənistana daşınan bütün yüklərlə bağlı mövcud məhdudiyyətlər də aradan qaldırılıb. Bu addım iki ölkə arasında ticarət əlaqələrinin mərhələli şəkildə bərpası kimi qiymətləndirilə bilər.

“Hazırkı mərhələdə Azərbaycan öz məhsullarını birbaşa Ermənistan bazarına çıxarır və bu, real ticarət əlaqələrinin formalaşdığını göstərir. Eyni zamanda Ermənistandan Azərbaycana da müəyyən həcmdə məhsulların ixracı həyata keçirilir. Digər tərəfdən isə Ermənistandan re-eksport həyata keçirilir. Məbləğlər böyük deyil. Hələlik Azərbaycan ixracı xüsusi paya malikdir. Ermənistandan idxal və Ermənistan re-eksportu kiçik məbləğlərlə ifadə olunur,” – deyən deputat vurğulayıb ki, təxminən 40 ilə yaxın davam edən münaqişədən sonra əlaqələrin mərhələli şəkildə bərpası regionda sülhün və iqtisadi sabitliyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud qiymətləndirmələrə əsasən, iki ölkə arasında 38 məhsul üzrə idxal-ixrac əməliyyatlarının bərpası mümkündür və bu, illik təxminən 300 milyon dollarlıq ticarət dövriyyəsi deməkdir.

Deputat hesab edir ki, əgər Ermənistan Konstitusiyasında dəyişiklik edilərsə, Azərbaycanla sülh müqaviləsi imzalanarsa və kommunikasiyalar açılarsa, xüsusilə Zəngəzur dəhlizinin istifadəyə verilməsi reallaşarsa, bu proses daha da sürətlənə bilər.

Vüqar Bayramov qeyd edib ki, ticarət dövriyyəsi təkcə yanacaq və re-eksport məhsulları ilə deyil, həm də qeyri-neft sektorunu əhatə edən geniş məhsul çeşidi ilə daha da arta bilər və regionda iqtisadi inteqrasiyanı gücləndirə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »