Son on ildə qızılın qiyməti səssiz, amma israrlı şəkildə yuxarı qalxıb və bu artım təsadüfi olmayıb. 2015-ci ildə bir unsiya qızıl təxminən 1060 dollar civarında idisə, pandemiya ərəfəsində və sonrasında bu rəqəm sürətlə yüksələrək 2020-ci ildə 1900 dollara yaxınlaşdı. Qlobal qeyri-müəyyənlik, müharibələr, inflyasiya və valyutalara inamın zəifləməsi qızılı yenidən “təhlükəsiz liman”a çevirdi. 2023–2024-cü illərdə qiymətlər 2000 dollar həddini keçdi və tarixi rekordlar qeydə alındı. Bu ilin əvvəli isə qızılın qiymətinin 5000 dollardan yuxarı həddə çatdığı müşahidə olunub.
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlərdə qızılın qiymətində müşahidə olunan sürətli artım qlobal iqtisadi qeyri-müəyyənliklərin, geosiyasi gərginliklərin və maliyyə bazarlarında risklərin artmasının birbaşa nəticəsidir: “Qızıl ənənəvi olaraq "təhlükəsiz liman" aktiv hesab olunur və risklər yüksəldikcə investorların bu metala marağı da artır.
İnflyasiya və əhalinin alıcılıq qabiliyyəti baxımından, qızılın bahalaşması birbaşa inflyasiya yaradan amil olmasa da, inflyasiya gözləntilərinin gücləndiyini göstərən mühüm siqnaldır. Əhalinin gəlirləri eyni templə artmadığı halda, qızıl və digər qoruyucu aktivlərin bahalaşması real alıcılıq qabiliyyətinin zəiflədiyini ortaya qoyur. Xüsusilə, əmanətlərini qızıl üzərindən qorumağa çalışan vətəndaşlar üçün bu, həm psixoloji, həm də maliyyə davranışlarının dəyişməsi deməkdir”.
Asif İbrahimovİqtisadçının fikrincə, valyuta bazarları baxımından, qızılın qiymət artımı adətən əsas ehtiyat valyutalara, xüsusən də ABŞ dollarına inamın nisbi zəifləməsi ilə müşayiət olunur: “Bu da investorların valyutadan real aktivlərə keçid etdiyini göstərir. Bu proses uzunmüddətli perspektivdə maliyyə bazarlarında dəyişkənliyi artıra bilər”.
İnvestor davranışları ilə bağlı Asif İbrahimov deyir ki, qızılın bahalaşması riskli alətlərdən və səhmlərdən, kriptovalyutalardan və bəzi inkişaf etməkdə olan bazarlardan kapital axınının çıxmasına səbəb olur, bu da milli iqtisadiyyat üçün ikiüzlü təsir yaradır: “Bir tərəfdən investisiya aktivliyinin zəifləməsi və kapitalın real sektordan uzaqlaşması riski yaranır. Digər tərəfdən, qızıl ehtiyatlarının gücləndirilməsi və maliyyə dayanıqlığının artırılması baxımından fürsət formalaşa bilər”.
İqtisadçı qeyd edib ki, mövcud qlobal gərginliklər, yüksək faiz dərəcələri, regional münaqişələr və maliyyə sistemindəki qeyri-stabil şərait davam etdiyi müddətdə qızılın qiymətinin yüksək səviyyələrdə qalması və mərhələli artımını davam etdirməsi daha real görünür: “Qlobal risklər azaldıqca və maliyyə bazarlarında sabitlik bərpa olunduqca qızıl qiymətlərində kəskin artımdan çox, nisbi sabitləşmə mərhələsi gözlənilə bilər”.
“Qısaca desək, qızılın bahalaşması iqtisadiyyat üçün təkcə risk deyil. Eyni zamanda düzgün idarə olunduğu təqdirdə, maliyyə təhlükəsizliyi və ehtiyat strategiyası baxımından fürsət kimi qiymətləndirilə bilər”-deyə Asif İbrahimov bildirib.
İradə Cəlil, Bizimyol.info






