Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Münasibətlər heç vaxt bu qədər yaxşı olmayıb" – Trampın sözləri nə vəd edir?
"Münasibətlər heç vaxt bu qədər yaxşı olmayıb" – Trampın sözləri nə vəd edir?

ABŞ Prezidenti Donald Tramp Ankarada verdiyi açıqlamada Türkiyə ilə ABŞ arasında münasibətlərin yəqin ki, tarixdə heç vaxt olmadığı qədər yüksək səviyyədə olduğunu bildirib. Tramp Türkiyəni "mükəmməl müttəfiq" adlandıraraq hərbi əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Ankaranın İran məsələsində tutduğu mövqeyi yüksək qiymətləndirib. O, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın İranın nüvə silahına malik olmasını istəmədiyinə inandığını ifadə edib.

  • Donald Trampın bu açıqlamaları Türkiyə-ABŞ münasibətlərində yeni strateji mərhələnin başlandığını göstərirmi?

Türk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, iyulun 7-8-də Ankarada keçirilən NATO Zirvə Görüşü Türkiyə-ABŞ münasibətlərində yeni mərhələnin başlanması üçün mühüm fürsət yaradıb.

Onun sözlərinə görə, zirvədə "NATO 3.0" adlandırılan yeni konsepsiya qəbul edilib.

Politoloq bildirib ki, bu konsepsiyaya əsasən ABŞ NATO daxilində əvvəlki rolundan qismən geri çəkilir və alyansa üzv ölkələrin öz müdafiə və təhlükəsizlik xərclərini daha çox öz üzərlərinə götürməsi nəzərdə tutulur.

"Ötən il Haaqa Zirvə Görüşündə qəbul edilən qərara əsasən, ümumi daxili məhsulun 2 faizinin müdafiə xərclərinə ayrılması hədəfi artıq 5 faizə yüksəldilir və bundan sonra bu öhdəliyin icrasına ciddi nəzarət olunacaq. ABŞ-ın NATO-dan müəyyən qədər uzaqlaşdığı bir dövrdə Donald Tramp Ankaranı və Prezident Rəcəb Tayyib Ərdoğanı alyans daxilində yaranan boşluğu doldura biləcək əsas güclərdən biri kimi qiymətləndirir.

Tramp zirvədən əvvəl verdiyi açıqlamada bildirmişdi ki, əslində NATO liderləri ilə görüşmək niyyətində deyildi, lakin cənab Ərdoğanın dəvəti və xahişi ilə toplantıda iştirak edir və ona böyük hörmət bəsləyir. O, NATO çərçivəsində bütün liderlərlə deyil, yalnız Prezident Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun Baş katibi Mark Rütte ilə görüşəcək", – deyə İnaç bildirib.

Politoloqun fikrincə, bu yanaşma Trampın NATO-ya verdiyi siyasi mesaj kimi qiymətləndirilə bilər.

İnaç hesab edir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın etibarlı və güclü lider kimi qəbul edilməsi Trampa ciddi təsir göstərir. Onun sözlərinə görə, Vaşinqton həm Yaxın Şərqin yenidən formalaşdırılması, həm də Xəzər hövzəsi və Türk dünyasına açılan geosiyasi proseslərdə Türkiyəyə daha çox etibar etməyə başlayıb.

Politoloq bildirib ki, Tramp artıq İsraillə əvvəlki formada əməkdaşlığın mümkün olmadığını görür. Onun fikrincə, Benyamin Netanyahu hökuməti və Mossadın təqdim etdiyi məlumatlar Vaşinqtonu İranla qarşıdurmaya sürükləyib və ABŞ administrasiyası bundan ciddi narahatlıq keçirir.

İnaç xatırladıb ki, İran-İraq müharibəsi dövründə ABŞ Hörmüz boğazının bağlanmasının qarşısını ala bilməmişdi. Onun sözlərinə görə, Körfəzdə baş verən hərbi qarşıdurmaların qlobal iqtisadiyyata təsiri və Hörmüz boğazı ilə bağlı risklər ABŞ-ın bölgədəki mövqeyini zəiflədib, eyni zamanda Körfəz ölkələrinin Vaşinqtona münasibətində dəyişikliklər yaradıb.

"Bu gün ABŞ qlobal hegemonluğunu və nüfuzunu əvvəlki səviyyədə qoruya bilmir. Xüsusilə Körfəz ölkələri alternativ tərəfdaşlar axtarmağa başlayıblar. Vaşinqton yaranmış vəziyyətə görə əsas məsuliyyəti Benyamin Netanyahunun üzərinə qoyur. Bu səbəbdən ABŞ Türkiyəni regionda yaranmış boşluğu doldura biləcək etibarlı müttəfiq kimi görür. Eyni zamanda hesab edir ki, NATO-nun ABŞ-ın əvvəlki səviyyədə dəstəyi olmadan fəaliyyətini davam etdirməsində Türkiyənin rolu həlledici olacaq", – deyə o bildirib.

Politoloqun sözlərinə görə, Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasında Türkiyə mühüm rol oynayacaq. Suriya, İraq, Qəzza və İran ətrafında davam edən böhranların həllində Ankaranın qətiyyətli mövqeyi əsas amillərdən biri ola bilər.

İnaç əlavə edib ki, NATO gələcəkdə daha müstəqil fəaliyyət göstərmək üçün müdafiə xərclərini öz resursları hesabına maliyyələşdirməlidir. Onun fikrincə, ABŞ-dan sonra alyansın müdafiə ehtiyaclarının qarşılanmasına ən böyük töhfə verə biləcək ölkə məhz Türkiyədir.

O bildirib ki, Ankaradakı zirvə çərçivəsində Türkiyə müdafiə sənayesi məhsullarının nümayiş olunduğu sərgi keçirilib və Avropa ölkələri ilə milyardlarla dollarlıq yeni müqavilələr imzalanıb.

"Bu proseslər göstərir ki, yeni dünya nizamı formalaşır, NATO özünü yenidən müəyyənləşdirir, transatlantik münasibətlər yeni məzmun qazanır. ABŞ da Türkiyənin Yaxın Şərqdə, Türk dünyasında, Balkanlarda və Afrikada artan rolunu nəzərə alaraq, qarşılıqlı tamamlayıcı əməkdaşlığa əsaslanan yeni siyasət formalaşdırmağa başlayıb", – deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »