Polşa Prezidenti Karol Navrotski NATO-nun Ankarada keçirilən sammiti ərəfəsində təşkil olunan liderlər şam yeməyində Ukrayna Prezidenti Vladimir Zelenski ilə qısa söhbət etdiyini açıqlayıb. O bildirib ki, iki ölkə arasında fikir ayrılıqları olsa da, Rusiyadan qaynaqlanan ümumi təhlükə səbəbindən Varşava ilə Kiyev dialoqu davam etdirməlidir.
Bizimyol.info xəbər verir ki, Navrotskinin sözlərinə görə, şam yeməyi zamanı bir sıra dünya liderləri ilə, o cümlədən Vladimir Zelenski ilə görüşüb.
“Dünən axşam şam yeməyində bir çox dünya lideri ilə söhbət etdim. Onların arasında, əlbəttə ki, Prezident Zelenski də var idi. Ola bilsin, bu gün də daha geniş danışmaq imkanı yaranacaq”, – deyə Polşa Prezidenti bildirib.
O vurğulayıb ki, mövcud fikir ayrılıqları iki ölkə arasında əməkdaşlığa mane olmamalıdır. “Məncə, Rusiya kimi ortaq düşməni olan qonşu dövlətlərin müəyyən ikitərəfli gərginliklərə baxmayaraq dialoqu davam etdirməsi tamamilə təbiidir”, – deyə Navrotski qeyd edib.
Bununla yanaşı, Polşa lideri Kiyev və Varşava arasında tarixi məsələlərlə bağlı mövqeyinin dəyişmədiyini bildirib. “İkitərəfli gərginliklə bağlı mövqeyim dəyişməyib. Hesab edirəm ki, Polşa və bütövlükdə Avropa 120 min polyakın ölümünə görə məsuliyyət daşıyan UPA döyüşçülərinin qəhrəmanlaşdırılmasını qəbul edə bilməz. Lakin bu, dialoqa mane olmur”, – deyə o vurğulayıb.
Navrotski əlavə edib ki, həm Polşa, həm də Ukrayna Rusiyadan gələn təhlükəni eyni dərəcədə hiss edir. “Biz Rusiyadan qaynaqlanan ortaq təhlükə ilə üz-üzəyik. Ukrayna hazırda Rusiya ilə müharibə aparır, Polşa isə əsrlər boyu bu ölkə ilə qarşıdurma şəraitində olub”, – deyə Prezident bildirib.
Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin jurnalistlərə açıqlamasında təsdiqləyib ki, Zelenski və Navrotski Ankaradakı NATO sammiti çərçivəsində qısa söhbət aparıblar.
“Dünən axşam prezidentlər qısa müddətli söhbət etdilər və bu gün qrafiklərini uyğunlaşdıraraq ayrıca görüş keçirməyə çalışmaq barədə razılığa gəldilər”, – deyə Litvin bildirib.
Bu, Zelenski ilə Navrotski arasında son qalmaqaldan sonra baş tutan ilk şəxsi təmas hesab olunur.
Bizimyol.info






