Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiya aerodromu və iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb
Ukrayna Rusiya aerodromu və iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Müdafiə Qüvvələrinin Rusiyanın Voronej vilayətində yerləşən "Borisoglebsk" hərbi aerodromuna, eləcə də Saratov vilayəti və Tatarıstandakı iki neft emalı zavoduna zərbələr endirdiyini açıqlayıb.

bizimyol.info xəbər verir ki, Baş Qərargahın məlumatına görə, iyulun 8-nə keçən gecə Saratov Neft Emalı Zavodunda partlayışlar və yanğın qeydə alınıb.

Bildirilib ki, müəssisə "Rosneft" şirkətinin tərkibinə daxildir və Volqaboyu regionunun əsas neft emalı müəssisələrindən biri hesab olunur. Zavodun illik layihə gücü təxminən 7 milyon ton neft təşkil edir. Burada benzin, dizel və aviasiya yanacağı istehsal olunur ki, bu məhsullar, o cümlədən Rusiyanın hərbi logistikasında istifadə edilir.

Baş Qərargah həmçinin Tatarıstanın Nijnekamsk şəhərində yerləşən "TAİF-NK" neft emalı kompleksinə də zərbə endirildiyini bildirib. Məlumata görə, burada da partlayışlar və yanğın baş verib.

Açıqlamada qeyd olunur ki, "TAİF-NK" Rusiyanın ən iri neft emalı komplekslərindən biridir. Kompleksə neft emalı zavodu, benzin istehsalı müəssisəsi və ağır neft qalıqlarının dərin emalı üzrə istehsalat daxildir. Müəssisənin illik neft emalı gücü 7 milyon tondan, ümumi xammal emalı gücü isə 8 milyon tondan artıqdır. Zavod dizel yanacağı, benzin, aviasiya yanacağı və Rusiya iqtisadiyyatı ilə hərbi logistikasında istifadə olunan digər neft məhsulları istehsal edir.

Baş Qərargah əlavə edib ki, iyulun 7-də Rusiyanın Belqorod vilayətinin Urazovo və Şelayevo yaşayış məntəqələri yaxınlığındakı avtomobil körpülərinə də zərbələr endirilib. İddia olunur ki, həmin körpülər şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın daşınması üçün istifadə edilirdi.

Bundan əvvəl Ukrayna mətbuatı Rusiyanın ən böyük neft emalı müəssisəsi olan Omsk Neft Emalı Zavodunun da Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra fəaliyyətini dayandırdığını yazmışdı. Məlumata görə, iyulun 6-da həyata keçirilən hücum nəticəsində zavodun ilkin neft emalı qurğusu zədələnib. Bildirilir ki, bu müəssisənin fəaliyyətinin dayanması Rusiyada yanacaq çatışmazlığını daha da dərinləşdirə bilər. Mənbələrin bildirdiyinə görə, zərbə nəticəsində zavodun ümumi istehsal gücünün təxminən 38 faizini təmin edən ilkin neft emalı qurğusunda yanğın baş verib və obyekt ciddi zərər görüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »