Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Duzlu göl” ün palçığı şəfa verir, yoxsa risk yaradır? - Səhiyyə Nazirliyindən açıqlama
“Duzlu göl” ün palçığı şəfa verir, yoxsa risk yaradır? - Səhiyyə Nazirliyindən açıqlama

Bakının Suraxanı rayonu, Hövsan-Zığ yolunun kənarında yerləşən “Duzlu göl” hər il yay aylarında yüzlərlə insanın üz tutduğu məkanlardan birinə çevrilir.

Bizimyol.info Baku TV-yə istinadən xəbər verir ki, sakinlər gölün palçığının müxtəlif ağrılara yaxşı təsir etdiyini desələr də, həkimlər bu üsuldan istifadənin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Sakinlərdən biri bildirib ki, gölün palçığının “duz xəstəliyi”, şiş və revmatizm kimi problemlərə faydası var. Onun sözlərinə görə, bura hətta xərəkdə gətirilən xəstələr gəlir və 10 gündən sonra ayağa qalxırlar.

“2014-cü ildən bəri buraya gəlirəm. Çox faydası var, həqiqətən də xeyri var, ağrılarım azalır. Əvvəllər dekabr, yanvar, fevral aylarında hər gün ağrılarım olurdu. İndi isə elə olur ki, bir gün ağrıyır, sonra bir həftə, hətta bir ay ağrı hiss etmirəm”, - deyə başqa bir sakin Baku TV-yə bildirib.

Başqa bir sakin isə deyib: “30 ildir buraya gəlirəm. Həmişə şəfasını görürəm. Böyrək, ciyər, sümük ağrıları da daxil olmaqla bir çox xəstəliklərə xeyri var”.

Həkim İradə Hacıyeva isə vurğulayıb ki, palçıq müalicəsinə başlamazdan əvvəl mütləq tibbi müayinədən keçmək lazımdır.

Onun sözlərinə görə, palçığın tərkibi analiz edilməyibsə və xəstəyə MRT nəticələri əsasında həkim tərəfindən belə müalicə tövsiyə olunmayıbsa, bu üsul bəzi hallarda xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.

“İnsanlar müəyyən qədər yaxşılaşma hiss edə bilərlər. Amma onurğada yırtıq, protruziya, onkoloji xəstəlik varsa, həkim məsləhəti olmadan həmin palçıqdan istifadə etmək ciddi risk yarada bilər”, - İradə Hacıyeva vurğulayıb.

  • Hövsandakı "Duzlu göl" ün palçığının müalicəvi təsiri elmi və tibbi cəhətdən təsdiqlənibmi?
  • Bu palçıqdan istifadə sağlamlıq üçün hansı risklər yarada bilər?

Yaranan suallarla bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, “Duzlu göl” ün hansı xəstəliklərdə istifadə oluna bilməsinin müəyyən edilməsi məqsədilə elmi və klinik sınaqlar aparılmayıb: “Hövsan ərazisində yerləşən “Duzlu göl” palçığı illər öncə institutumuzda Masazır gölünün lil palçığı ilə müqayisəli şəkildə fiziki və kimyəvi xüsusiyyətləri baxımından öyrənilib.

“Duzlu göl” palçığının müalicəvi təsirinin qiymətləndirilməsi və hansı xəstəliklərdə istifadə oluna bilməsinin müəyyən edilməsi məqsədilə elmi və klinik sınaqlar aparılmayıb. Bu səbəbdən, həmin palçığın hər hansı xəstəliyin müalicəsində istifadəsinin elmi və tibbi cəhətdən təsdiq edildiyini söyləmək mümkün deyil”.

Həmçinin vurğulanıb: “Təhlükəsizliyi və effektivliyi elmi tədqiqatlarla qiymətləndirilmədiyindən, sözügedən palçığın müalicə məqsədilə istifadəsi ilə bağlı hazırda tibbi tövsiyə verilmir.

Gələcəkdə “Duzlu göl” palçığının müalicə məqsədilə istifadəsinin mümkünlüyü, hansı xəstəliklərdə tətbiq oluna biləcəyi, həmçinin təsir və əks təsir göstərişlərinin öyrənilməsi məqsədilə elmi tədqiqat işləri planlaşdırıla və sınaqlar həyata keçirilə bilər”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »