Rusiyanın Ukraynaya qarşı mümkün taktiki nüvə silahından istifadə ehtimalı ilə bağlı müzakirələr yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Jurnalist Aleksandr Nevzorov belə bir addımın Rusiyanın öz atom infrastrukturunu da ciddi risk altına salacağını və bunun ağır nəticələr doğura biləcəyini iddia edib. Onun fikrincə, nüvə eskalasiyası hər iki tərəf üçün fəlakətli ssenarilər yarada bilər.
- Rusiyanın nüvə ritorikası real hərbi planın göstəricisidir, yoxsa daha çox psixoloji təzyiq vasitəsi kimi qiymətləndirilməlidir?
Jurnalist, siyasi şərhçi Bahəddin Həzi hesab edir ki, Rusiya Federasiyası özünün nüvə doktrinasını yeniləyib; istər strateji, istərsə də taktiki nüvə silahından istifadəni tələb edən halların siyahısını genişləndirib: “Həmin halları sadalamaq istəmirəm - sənəd açıq qaynaqlarda var, kim istəsə, sənədlə tanış ola bilər. Həmin hallardan sadəcə ikisini xatırlatmaq istərdim.
Doktrinada yazılıb ki, Rusiya ərazisinə və ya müttəfiqinə qarşı çoxsaylı pilotsuz uçuş aparatları, qanadlı raketlər və ya hipersəs silahları ilə genişmiqyaslı hücum həyata keçirilərsə və bu hücum kritik təhlükə yaradarsa, eləcə də nüvə dövləti olmayan bir ölkə nüvə dövlətinin dəstəyi ilə Rusiyaya hücum edərsə, bu da həmin nüvə dövlətinin birgə hücumu kimi qiymətləndirilə bilər. Bu və başqa bir sıra hallarda Rusiya ali siyasi hakimiyyəti, ilk növbədə prezident Vladimir Putin rəqibə nüvə zərbəsi endirmək qərarı verə bilər.
Doktrinanın müddəalarından və Rusiya ilə Ukrayna arasındakı müharibənin miqyasının genişlənməsindən və hədəflərin dəyişməsindən görünür ki, hərbi əməliyyatlar sənəddə göstərilmiş "kritik hədd"ə artıq çatıb, yaxud onu keçib”.
Onun sözlərinə görə, indinin özündə Rusiyanın nüvə silahından istifadə etməsi üçün formal "əsaslar" var; Moskvada da belə düşünənlər getdikcə çoxalır. Artıq açıq etiraf edirlər ki, Ukraynanın Rusiyanın dərinliklərindəki strateji infrastruktur obyektlərinə kütləvi, dəqiq zərbələri artıq ekzistensial təhlükə yaradıb. Ölkənin enerji infrastrukturu çox ciddi zərbələr alır. Eləcə də logistika şəbəkələri, mühüm daşıma kanalları vurulur. Bu sistemli və uzunmüddətli xarakter aldıqca, Moskva son kartlarını oynamağa yönəlir. Rusiyanın hava-kosmik qüvvələri, hava hücumundan müdafiə qoşunları bu müharibədə sınaqdan üzüağ çıxmadı: “Bunun ən bariz nümunələri sərnişin təyyarələrinin siyasi məqsədlərlə hədəfə alınması, eləcə də HHM qüvvələrinin ölkəni, o cümlədən hətta paytaxt Moskvanı Ukraynanın hava hücumlarından effektiv şəkildə qoruya bilməməsidir. Bu da Rusiyanın müharibədə ağır məğlubiyyətə uğraması ehtimalını artırır. Bu halda Moskvanın əlində bir əsas silah qalır, o da nüvə silahıdır.
O, bu silahdan istifadə edərmi, etməzmi?! Bu suala birmənalı cavab vermək çətindir. Ancaq Fyodor Tütçevin də məşhur şeirində dediyi kimi, "Rusiyanı ağılla anlamaq olmaz". Rusların öz məsəli var: "Heç vaxt demə "heç vaxt"".
Bahəddin Həzi hesab edir ki, 2022-ci il fevralın 24-dək heç kim Rusiyanın Ukraynaya hücum edəcəyini gözləmirdi. Ancaq bu, baş verdi və 4 ildən çoxdur ki, müharibə davam edir.
Onun fikrincə, əgər 20-ci əsrin iki əsas avantüristindən biri Adolf Hitler idisə, Putin 21-ci əsrin ən başlıca (və bəlkə də tək!) siyasi avantüristidir.
“Uşaq qatilindən nə desən, gözləmək olar. Hə, bununla Rusiyanın öz başına da fəlakət aça bilərmi? Əlbəttə, aça bilər. Onsuz da Rusiyanın başında Putin kimi bir fəlakət artıq çoxdan var. Yəni Rusiya tükənib diz çökməmək üçün belə bir son "zərurət" addımını ata bilər. Bu, nüvə müharibəsi fəlakətinə yol aça bilər. Bununla belə, bu cür bəyanatlar özləri də daha çox taktiki məqsədlidir; bunlar ondan ötrüdür ki, NATO-nun Ankara zirvəsindən Ukraynaya dəstək qərarı çıxmasın”-deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






