Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və ABŞ arasında atəşkəs niyə pozulur? - Politoloq səbəbləri açıqladı
İran və ABŞ arasında atəşkəs niyə pozulur? - Politoloq səbəbləri açıqladı

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ı anlaşma memorandumunun şərtlərini pozmaqda ittiham edərək, Tehranın təzyiq və təhdidlər qarşısında geri çəkilməyəcəyini bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı ilə bağlı gərginlik, sanksiyalar və hərbi təhdidlər bölgədə qarşıdurma riskini daha da artırır. Bu açıqlamalar İran–ABŞ münasibətlərində diplomatik gərginliyin davam etdiyini göstərir.

  • Qalibafın bu bəyanatları İran və ABŞ arasında yeni qarşıdurma mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi?

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ və İran arasında müharibənin dayandırılmasına və 60 günlük danışıqlar dövrünün başlanmasına dair anlaşma memorandumu imzalansa da, iyunun 17-dən ötən üç həftə ərzində atəşkəs artıq bir neçə dəfə pozulub. Bu, həm ABŞ ilə İran arasında, həm də İsraillə İranın proksi qüvvələri arasında qarşılıqlı atışmalarla müşayiət olunan bir danışıqlar dövrüdür.

“İsraillə Hizbullah arasında atışmalar İsrailin işğal etdiyi Livan ərazilərindən geri çəkilməməsi ilə əlaqədardırsa, ABŞ ilə İran arasındakı toqquşmalar Hörmüz boğazındakı vəziyyətlə bağlıdır.

Belə ki, anlaşma memorandumuna əsasən, İran Hörmüz boğazından ticarət gəmilərinin və tankerlərin sərbəst keçidinə şərait yaratmaq öhdəliyi götürüb. Lakin buna əməl etmir. Buna səbəb kimi isə ABŞ-nin Hörmüzdə İranın təklif etdiyi marşruta alternativ marşrut yaratmaq cəhdi göstərilir. Başqa sözlə, ABŞ İrana yaxın deyil, Omana yaxın sulardan beynəlxalq ticarət gəmilərini İranı xəbərdar etmədən keçirməyə çalışaraq İranın Hörmüz üzərindəki suverenliyini məhdudlaşdırır. Bu isə İranda sərt qarşılanır. Çünki İran 60 günlük danışıqlardan sonra Hörmüzdən keçidlər üçün "təhlükəsiz keçid xidməti" qarşılığında "xidmət haqqı" alacağını bəyan etmişdi. Hazırkı vəziyyətdə isə ABŞ İranı bu hədəfindən uzaqlaşdırır. Həm iyunun 27–28-də yaşanan atəşkəs pozuntusu, həm də dünən axşamdan bəri baş verən hadisələr bununla bağlıdır”, – deyə o bildirib.

Politoloq hesab edir ki, nəticə etibarilə İran ticarət gəmilərini və tankerləri, ABŞ İranın müvafiq hərbi və sahil mühafizəsi infrastrukturunu, İran isə öz növbəsində ABŞ-nin regiondakı hərbi bazalarını hədəfə alır.

Xüsusilə öldürülən ali dini lider Xameneyinin dəfn mərasimi və NATO-nun Ankara Zirvəsi kimi siyasi mesajlarla zəngin gündəmdə belə bir gərginliyin yaşanması danışıqların uğursuz olduğunu göstərir.

İran rəsmiləri ali dini lideri öldürənləri cəzalandıracaqlarını bəyan edir, ABŞ isə sərbəst dənizçiliyə dair beynəlxalq normaları pozanları cəzalandıracağını və təhlükəsiz keçidin təmin edilməsi üçün beynəlxalq koalisiya formalaşdırmaq niyyətindən geri çəkilməyəcəyini nümayiş etdirir.

Bu fonda, xüsusilə tərəflərin maksimalist mövqelərindən geri çəkilmək istəməməsini və cəzalandırma taktikasının danışıqlardan üstün tutulmasını nəzərə alsaq, regional qarşıdurma hər an yenidən alovlana bilər.

Bundan əlavə, İranın proksi qüvvələrini yenidən aktivləşdirdiyi də vurğulanmalıdır. Məsələn, bu günlərdə keçirilən yüksək səviyyəli Husi–İran rəsmilərinin görüşləri və "strateji ittifaq" mesajları regional münaqişənin yenidən alovlanacağı təqdirdə onun daha geniş coğrafiyanı əhatə etməsi riskini ortaya qoyur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »