ABŞ administrasiyası Türkiyəyə beşinci nəsil "F-35" qırıcılarının satışını mümkün etmək üçün variantlardan biri kimi Rusiya istehsalı olan "S-400" hava hücumundan müdafiə sistemlərinin bəzi elementlərinin istismardan çıxarılmasını müzakirə edir.
Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "Semafor" portalı məlumat yayıb.
Məlumata görə, Vaşinqton bu ssenarini kompromis variant hesab edir. Belə ki, bu addım ABŞ Konqresinin Türkiyəyə "F-35" təyyarələrinin satışına qoyduğu məhdudiyyətləri aradan qaldırmağa kömək edə, həmçinin Ankaranın "S-400" sistemlərindən tamamilə imtina etməsinə ehtiyac yaratmaya bilər.
Bununla belə, ABŞ Prezidenti Donald Tramp administrasiyası Türkiyəyə "F-35" qırıcılarının hansı şərtlərlə satılacağı barədə hələ yekun qərar qəbul etməyib.
Donald Tramp iyulun 7-də NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib ki, Vaşinqton administrasiyası Türkiyəyə "F-35" qırıcılarının tədarükü imkanını nəzərdən keçirəcək. Onun sözlərinə görə, bu addım iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edə bilər.
Rəcəb Tayyib Ərdoğan isə ABŞ-ın "F-35" proqramı ilə bağlı müsbət qərar verəcəyinə ümid etdiyini bildirib.
İyulun 8-də Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə Ankarada keçirilən alyans sammiti çərçivəsində görüşü zamanı Türkiyənin beşinci nəsil "F-35" qırıcılarını alacağını bəyan edib.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan dəyəri 2,5 milyard dollar olan dörd divizion "S-400" hava hücumundan müdafiə sistemi alıb. "Rosoboroneksport" şirkəti 2019-cu ilin oktyabrında müqavilənin tam icra olunduğunu açıqlamışdı.
Türkiyə ilə Rusiya arasında "S-400" sistemlərinin tədarükünə dair müqavilə imzalandıqdan sonra Ankara ABŞ-ın "F-35" qırıcılarının hazırlanması proqramından çıxarılmışdı.
Bizimyol.info






