Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyənin təhlükəsizlik siyasətini ictimai müzakirələr müəyyən etmir"
"Türkiyənin təhlükəsizlik siyasətini ictimai müzakirələr müəyyən etmir"

Türkiyədə NATO üzvlüyü zaman-zaman ictimai müzakirə mövzusuna çevrilsə də, bu müzakirələri cəmiyyətin bütövlükdə ortaq mövqeyi kimi qiymətləndirmək düzgün olmaz. Hər bir demokratik ölkədə olduğu kimi, Türkiyədə də xarici siyasət və təhlükəsizlik məsələlərinə fərqli baxışlar mövcuddur.

NATO-nu tənqid edən dairələr olduğu kimi, Türkiyənin mövcud təhlükəsizlik şəraitində alyansa üzvlüyünü vacib hesab edən geniş ictimai təbəqə də var. Buna görə də NATO-dan çıxmaqla bağlı səslənən fikirləri cəmiyyətin ümumi tendensiyası kimi deyil, daha çox müəyyən siyasi çevrələrin və ya müxtəlif ideoloji baxışların ifadəsi kimi dəyərləndirmək daha doğru olar.

DASAM (Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi) sədri Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində burada diqqət yetirilməli olan mühüm bir məqam var. NATO-nun tənqid edilməsi ilə alyansdan çıxma tələbi eyni anlayış deyil. Türkiyənin bəzi müttəfiq ölkələrlə yaşadığı fikir ayrılıqlarının tənqid olunması və ya alyansın müəyyən siyasətlərinə fərqli yanaşmaların ifadə edilməsi, ölkənin NATO üzvlüyünün bütövlükdə sual altına alınması demək deyil. Beynəlxalq münasibətlərdə ittifaqlar daxilində fikir ayrılıqlarının yaranması tamamilə təbii haldır.

“NATO-nun digər üzvləri arasında da təhlükəsizlik siyasəti, müdafiə xərcləri və ya regional böhranlarla bağlı zaman-zaman müxtəlif mövqelər ortaya çıxır.

Türkiyənin NATO üzvlüyü təxminən yetmiş beş illik institusional tarixə söykənir. Bu müddət ərzində Türkiyə Silahlı Qüvvələri NATO standartlarına uyğun mühüm institusional təcrübə qazanıb, ortaq təlimlər, birgə hərbi təlim-məşqlər, böhranların idarə olunması mexanizmləri və müdafiə planlaşdırılması kimi sahələrdə geniş əməkdaşlıq formalaşdırılıb. Buna görə də NATO üzvlüyü yalnız siyasi seçim deyil, eyni zamanda institusional və strateji təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir”-o bildirib.

Başqa tərəfdən Türkiyənin yerləşdiyi coğrafi mövqe də bu müzakirələrə fərqli prizmadan yanaşmağı zəruri edir. Qara dəniz, Qafqaz, Yaxın Şərq və Şərqi Aralıq dənizi kimi böhran bölgələrinin mərkəzində yerləşən Türkiyənin təhlükəsizlik ehtiyacları bir çox Avropa ölkəsindən fərqlənir. Bu səbəbdən təhlükəsizlik siyasəti formalaşdırılarkən yalnız ictimaiyyətdəki dövri müzakirələr deyil, regional təhdidlər, çəkindiricilik ehtiyacı və beynəlxalq proseslər də nəzərə alınır.

Bu gün beynəlxalq sistem getdikcə daha qeyri-müəyyən xarakter alır. Dövlətlər təkbaşına hərəkət etməkdənsə, həm mövcud ittifaqlarını gücləndirməyə, həm də milli müdafiə imkanlarını artırmağa çalışırlar. Türkiyə də son illərdə müdafiə sənayesində mühüm uğurlar əldə etməklə yanaşı, beynəlxalq təhlükəsizlik əməkdaşlığını da davam etdirir. Bu iki yanaşma bir-birinə alternativ deyil, əksinə, bir-birini tamamlayan istiqamətlər kimi qiymətləndirilir.

“NATO-dan çıxmaqla bağlı çağırışları Türkiyə cəmiyyətinin ümumi və dominant mövqeyi kimi təqdim etmək doğru olmaz. Bu məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcud olsa da, təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində əsas meyar dövlətin uzunmüddətli strateji maraqlarıdır. Bu səbəbdən NATO üzvlüyü ətrafında aparılan müzakirələrin demokratik mühitdə davam etməsi təbii sayılsa da, Türkiyənin təhlükəsizlik seçimləri daha geniş geosiyasi baxış və strateji maraqlar çərçivəsində formalaşır”-deyə o vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »