NATO-ya üzv ölkələrin liderləri Ankarada keçiriləcək sammitdə Ukraynaya 70 milyard avro həcmində maliyyə yardımı göstərilməsini nəzərdə tutan planı təsdiqləyəcəklər. Lakin bu təşəbbüsdə iştirak tamamilə könüllü xarakter daşıyacaq.
Bizimyol.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar bildirib.
O deyib ki, ölkəsi əvvəlki kimi Kiyevin hərbi səylərinin maliyyələşdirilməsindən imtina edə bilər.
Baş nazir Ankaradan yayımladığı videomüraciətdə: “NATO-ya üzv dövlətlər Ukraynaya 70 milyard avro ayrılması ilə bağlı mühüm bəyannamə qəbul edəcəklər. Bununla belə, bu yardım paketində iştirak əvvəlki kimi könüllü olacaq. Bu, Avropa İttifaqının kredit proqramında Macarıstan və Slovakiya üçün tətbiq edilən iştirakdan imtina mexanizminə bənzəyir. Hər bir NATO üzvü bu dəstək tədbirlərinə qoşulub-qoşulmamaq barədə müstəqil qərar verəcək”, - deyə bildirib.
O əlavə edib ki, bu mövqeyini sammitdə də bir daha təsdiqləyəcək: “Macarıstan Ukraynaya hərtərəfli humanitar yardım göstərməyə davam edir. Lakin ölkəmiz Kiyevə silah, hərbi texnika, qoşun, əsgər və ya hər hansı digər hərbi dəstək təqdim etməyəcək”.
Gözlənilir ki, NATO ölkələrinin Ukraynaya 70 milyard avro həcmində maliyyə yardımı göstərməsi, bunun 60 milyard avrosunun isə silah alışına yönəldilə biləcəyi Ankaradakı sammitin yekun bəyannaməsində öz əksini tapacaq.
Bizimyol.info






