Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranda mövcud rejim gedərsə, Yaxın və Orta Şərqdə ictimai-siyasi sabitliyin bərpa olunması xeyli dərəcədə sürətlənə bilər"
"İranda mövcud rejim gedərsə, Yaxın və Orta Şərqdə ictimai-siyasi sabitliyin bərpa olunması xeyli dərəcədə sürətlənə bilər"

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, hazırkı İran hökumətinin devrilməsi Tehranın dəstəklədiyi HƏMAS, Hizbullah və Husilər kimi silahlı qrupların sonu demək olacaq. Diplomat bu barədə öz "X" sosial media səhifəsində yazıb. "Əgər İran xalqı 46 ildən çox davam edən nifrət və səriştəsizliyə son qoymaq qərarına gələrsə, bu, təhsil, incəsənət, musiqi və gücə əsaslanan fars mədəniyyətinin dirçəlişinə səbəb ola bilər və həmçinin HƏMAS, Hizbullah və Husilərin sonu demək olar", Hakabi yazıb.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin İsraildəki səfirinin açıqlamasında gerçəklər çoxdur: “Əgər İranda mövcud rejim gedərsə və onun yerinə dünyəvi və aqressiv siyasət yürütməyən, qonşuları ilə normal münasibətlər qurmağa çalışan bir hakimiyyət yaranarsa, o zaman əlbəttə ki, İranın uzun müddətdən bəri dəstəklədiyi Hizbullah, HƏMSA, Husi qruplaşması və digər proksi qüvvələrin fəaliyyətinin də sonu gələ biləcək. Çünki bu təşkilatların ayaqda durmasına ən ciddi dəstək verən ölkə İrandır. Belə olduğu halda əlbəttə ki, Yaxın və Orta Şərqdə sabitliyin bərpa olunması xeyli dərəcədə sürətlənə bilər”.

Oqtay Qasımov Oqtay Qasımov

Politoloqun fikrincə, Orta Şərq kifayət qədər mürəkkəb coğrafiyadır və burada terror təşkilatlarının fəaliyyət göstərməsi üçün olduqca münbit şərait var.

Oqtay Qasımov qeyd edib ki, səfirin digər bir fikrində qeyri-dəqiqlik var: “Səfir bildirir ki, 46 ildən artıq davam edən bu rejimə son qoyularsa, o zaman təhsil, incəsənət, musiqi və s istiqamətində fars mədəniyyəti bərpa oluna bilər. Bu fikir səhv fikirdir. İranda yalnız farslar mövcud deyil. Burada yaşayan bütün xalqların özünəməxsus mədəni irsi var. Xüsusilə, İranda əhalisinin yarısından çoxunu təşkil edən Azərbaycan türklərinin də özünəməxsus mədəniyyəti, incəsənəti və digər milli adət-ənənələri var ki, bunlar da dünya mədəni irsinin ayrılmaz hissəsidir və ciddi dəyərləri sırasındadır”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »