Ayın 1-dən qadınlar üçün də pensiya yaşı 65 müəyyənləşdirilib. Qadın və kişilər üçün pensiya yaşı eyni həddə çatdırılıb.
Bununla yanaşı, qanun bəzi vətəndaş qruplarına ümumi yaş həddini gözləmədən pensiyaya çıxmaq imkanı verir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, müəyyən sosial və peşə kateqoriyalarına aid şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər.
Onun sözlərinə görə, beş və ya daha çox uşaq böyüdən qadınlar, əlilliyi olan uşağı səkkiz yaşınadək tərbiyə etmiş valideynlər, eləcə də valideyn himayəsindən məhrum uşaqları övladlığa götürən və ya qəyyumluğa qəbul edən şəxslər qanunda nəzərdə tutulan tələbləri ödədikləri halda pensiyaya daha erkən çıxa bilirlər.
Ekspert qeyd edib ki, əmək fəaliyyəti xüsusi risk və ağır şəraitlə bağlı olan peşələr üçün də güzəştli pensiya mexanizmi tətbiq edilir. Buraya yeraltı işlərdə çalışanlar, zərərli və ağır əmək şəraitinə malik istehsalat sahələrinin işçiləri, mülki aviasiyanın uçuş və uçuş-sınaq heyəti, həmçinin qanunvericilikdə göstərilən bəzi incəsənət sahələrinin nümayəndələri daxildir.
Akif Nəsirli əlavə edib ki, hipofiz nanizmi və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər üçün də ayrıca pensiya yaşı müəyyən edilib və onlar ümumi pensiya yaşından 20 il əvvəl pensiya hüququ əldə edirlər.
İqtisadçının fikrincə, hazırda bu siyahının genişləndirilməsi yalnız qanunvericiliyə dəyişiklik edilməsindən sonra mümkün ola bilər.
Mütəxəssislər hesab edirlər ki, gələcəkdə fiziki və psixoloji yükün yüksək olduğu peşələr üzrə çalışanların da güzəştli pensiya hüququ məsələsi gündəmə gələ bilər. Bu sıraya tibb işçiləri, müəllimlər, xilasedicilər, sosial xidmət əməkdaşları, eləcə də uzun illər xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinə qulluq edən şəxslər daxil edilə bilər.
Yeri gəlmişkən deyim ki, qadınların pensiya yaşının 65-ə çatdırılması cəmiyyətdə böyük bir narahatlıq yaradıb və bu narahatlıq təsadüfi narahatlıq deyil.
Hamı bilir ki, Azərbaycan qadınının həyatı təkcə iş saatlarından ibarət deyil. İşdən sonra onu ikinci növbə gözləyir – ev, övlad, ailə, xəstə valideyn, bitməyən məişət qayğıları...Bəs 65 yaşa qədər yaşamaq gücümüz varmı?
Məncə bizim naraatlığımız pensiyanın neçə yaşda veriləcəyindən daha çox, həmin yaşa hansı vəziyyətdə çata biləcəyimizləbağlıdır. Çata biləcəyikmi?
Axı uzun ömür statistik göstəricidir, sağlam yaşamaq isə hər kəsə nəsib olmur.
Mənə elə gəlir ki, sosial siyasətin uğuru yalnız pensiya yaşını artırmaqla ölçülməməlidir.
Mən də bəzən öz-özümə düşünürəm: görəsən, 65 yaşımda pensiya almağı gözləyənlərdən olacağam, yoxsa təqaüdə qədər yaşaya bilməyənlərdən? Həqiqətən çox maraqlıdır.
İradə Cəlil, Bizimyol.info






