“Etirazlar başlayandan iki gün sonra Pezeşkian danışdı və dedi ki, “mən etiraz edənlərlə danışıb, onların problemlərini həll etməyə hazıram”. Daha sonra öz komandası ilə birlikdə iş adamları ilə görüşüb, danışdı və onlara vəd verdi ki, iqtisadi məsələləri həll edəcək, dolların daha da bahalaşmasının qarşısını alacaq. Etirazların 7-ci günündə Əli Xamenei danışdı və dedi ki, “iğtişaş yaradanları yerinə oturtmaq lazımdır”. Bir növ onları əzməklə bağlı qərar verildi. Burada iki variant var. Əli Xamenei ilə Pezeşkian “yaxşı polis, pis polis” rolunu oynamaq istəyir”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, ilk variantda Pezeşkian “yaxşı polis”, Xamenei isə “pis polis” rolunu oynayır.
Maşallah RəzmiMaşallah Rəzmi hesab edir ki, hökumətin daxilində ciddi ixtilaf yaranıb: “Daxildəki məsələləri həll etmək üçün keçmişdəki kimi vahid birlik yoxdur. Fikirlər gah bir-birinin ziddinə olur, gah da fərqli. Məsələ Pezeşkianla Xameneinin mövqeyində də görünür. Bu, hətta hərbi qüvvələrin içində də özünü göstərir. Polis əhali etiraz edəndə onların qabağından qaçır. Bununla bağlı müxtəlif videolar var. Amma bəzi şəhərlərdə polis dayanır və etirazçıları güllələyir. Məsələn; Qum şəhərində polis plastik güllələrdən istifadə edir. Bəzi bölgələrdə isə polislərin əlində hərbi silahlar var. Polisin də belə mövqe tutması bir daha sübut edir ki, hökumətin daxilində etirazlarla bağlı vahid mövqe yoxdur”.
Maşallah Rəzminin İran daxilində baş verən iğtişaşlarla bağlı şərhini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info






