Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: "Hizbullah"ın mövqeyi hərbi eskalasiya riskini yüksəldir
Politoloq: "Hizbullah"ın mövqeyi hərbi eskalasiya riskini yüksəldir

İsrailin müdafiə naziri İsrael Kats ordunun zərurət yarandığı təqdirdə İrana qarşı müstəqil hərbi əməliyyat keçirməyə hazır olmalı olduğunu bildirib. Bu açıqlama İranın xarici işlər naziri Abbas Əraqçinin İsraili təhdid xarakterli bəyanatlardan çəkinməyə çağırmasından sonra səsləndirilib. Qarşılıqlı sərt mesajlar bölgədə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirir.

  • İsrail və İran arasında qarşılıqlı sərt bəyanatların yenidən intensivləşməsi bölgədə hərbi eskalasiya riskini nə dərəcədə artırır?

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail və İran arasında qarşılıqlı təhdidlər tərəflərin qarşılıqlı çəkindirmə strategiyasının bir hissəsi kimi dəyərləndirilsə də, mövcud vəziyyət həm də onu deməyə əsas verir ki, tərəflər hər an müharibəyə başlaya bilərlər.

Lakin bu, genişmiqyaslı müharibə, yəni Amerika Birləşmiş Ştatlarının iştirakı ilə baş tutan müharibə formatında deyil, daha çox lokal və regional xarakterli ola bilər. Yəni əvvəlki kimi genişmiqyaslı müharibənin baş verməsi gözlənilmir.

“Bunun əsas göstəricilərindən biri odur ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında imzalanan anlaşma memorandumunun İran üçün ən böyük əhəmiyyət kəsb edən strateji prioritetlərindən biri olan "bütün cəbhələrdə atəşkəs" maddəsinə əməl olunmur.

İran İsrailin işğal etdiyi Cənubi Livan ərazilərindən çıxmasını tələb edir.

Bu, əsas tələblərdən biridir və həmin tələb yerinə yetirilməzsə, sülh müqaviləsinin imzalanmayacağı ilə bağlı iddialar səslənir”, - Şəhla Cəlilzadə bildirib.

Politoloqun fikrincə, nüvə danışıqları da hələlik hər hansı yekun nəticə verməyib. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bildirsə də ki, əsas məqsədlərə nail olunub, uranın zənginləşdirilməsi ilə bağlı tələblər hələ tam şəkildə reallaşdırılmayıb. Buna görə də açıq qalan məsələlər hər an gərginliyi yenidən alovlandıra bilər.

Şəhla Cəlilzadə vurğulayıb ki, İsrailin, xüsusilə Livan cəbhəsindən geri çəkilməməsi məsələsi də gündəmdədir: “Düzdür, İsrail və Livan arasında bu günlərdə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rubionun vasitəçiliyi ilə bir saziş əldə olunub. Həmin sazişə əsasən, ilk dəfə idi ki, bir ərəb dövləti öz ərazisində İsrail qoşunlarının mövcudluğunu qəbul etdi və bunun qarşılığında hər hansı şərt irəli sürmədi.

Təbii ki, bu, İran tərəfindən müsbət qarşılanmır. Digər regional aktorlar da, xüsusilə Türkiyə, İsrailin genişlənmə və yayılma siyasətinə qarşı çıxır. Düzdür, Türkiyə ilə İsrail arasındakı gərginlik daha çox Suriya cəbhəsinə aiddir, lakin İran da İsrailin Livanda möhkəmlənməsinə qəti şəkildə qarşıdır”.

Politoloqun sözlərinə görə, İranın əsas proksi gücü və regiondakı əsas təsir alətlərindən biri olan Hizbullah da qəti mövqe sərgiləyərək bəyan edib ki, tərksilah olunmayacaq. Bu da qarşıdakı dövrdə regionda gərginliyi artıran amillərdən biri kimi tərəflər arasında hərbi eskalasiya riskini yüksəldir.

“İstənilən halda, bütün məsələlərin sülh müqaviləsinə aparan danışıqlar çərçivəsində həll olunacağı gözlənilir. Yəni bu problemlərin məhz həmin çərçivədə öz həllini tapacağı gözlənilir. Əgər bu baş verməzsə, təbii ki, hərbi eskalasiya riski də qalacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »