2026-cı il iyulun 3-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Pilotsuz Sistem Qüvvələri (PSQ) Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasında yerləşən bir sıra mühüm hərbi obyektlərə koordinasiyalı zərbələr endirib.
Bizimyol.info xəbər verir ki, UTX-nin məlumatına görə, əməliyyat Ukrayna prezidenti Vladimir Zelenskinin elan etdiyi 40 günlük “təsir əməliyyatı” çərçivəsində həyata keçirilib. Hücumlar nəticəsində Rusiya aviasiya infrastrukturuna ciddi ziyan dəyib.
Əsas hədəf olan “Saki” hərbi aerodromunda aviatexnikanın saxlandığı yeddi anqar vurulub. İlkin məlumatlara görə, həmin anqarlarda "Su-30SM", "Su-30" və "Su-24" tipli qırıcı və bombardmançı təyyarələr olub. Hücum nəticəsində azı 7 ədəd Rusiya hərbi təyyarəsinin məhv edildiyi və ya ciddi zədələndiyi bildirilir. Xüsusilə "Su-30SM"lərin olduğu anqarda böyük yanğın qeydə alınıb.
Eyni vaxtda “Qvardeiskoye” hərbi aerodromu da hədəfə alınıb. Burada “Şahed” tipli pilotsuz uçuş aparatlarının saxlandığı və aviasiya avadanlıqlarının yerləşdiyi iki anqar vurulub. Bu bazaların Rusiya aviasiyası üçün mühüm əhəmiyyət daşıdığı, onların Ukrayna ərazisinə zərbələr endirən taktiki aviasiyanı təmin etdiyi qeyd olunur.
Əməliyyat təkcə hərbi aerodromlarla məhdudlaşmayıb. Ukraynanın Pilotsuz Sistem Qüvvələrinin komandiri Robert “Madyar” Brovdi bildirib ki, gecə ərzində dronlar ümumilikdə 48 hədəfə zərbə endirib. Onların arasında 9 kritik elektrik yarımstansiyası — “Tarxankut”, “Belqorosk”, “Starıy Krım” və “Qərbi Krım” yarımstansiyaları, eləcə də Klyuçi yaşayış məntəqəsində qaz kompressor stansiyası da var.
Bundan əlavə, Zaporojye vilayətində “TOR-M2” zenit-raket kompleksi məhv edilib.
Ekspertlərin fikrincə, Krımda enerji infrastrukturuna və hərbi obyektlərə ardıcıl zərbələr yarımadanın Rusiya üçün həm hərbi logistik, həm də strateji imkanlarını ciddi şəkildə zəiflədir.
Ukrayna tərəfinin açıqlamalarına əsasən, bu cür əməliyyatlar Rusiya hərbi potensialının sistemli şəkildə tükədilməsinə və hücum imkanlarının məhdudlaşdırılmasına yönəlib.
Bizimyol.info






