Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rufiz Hafizoğlu: "İran nüvə proqramından asanlıqla imtina etməyəcək"
Rufiz Hafizoğlu: "İran nüvə proqramından asanlıqla imtina etməyəcək"

İran Xarici İşlər Nazirliyi NATO Baş katibi Mark Ruttenin açıqlamalarını ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək kimi qiymətləndirib. Tehran eyni zamanda, AEBA-nı məsuliyyətsiz davranmaqda ittiham edərək zədələnmiş nüvə obyektlərinə girişin hələlik mümkün olmadığını bildirib. Tərəflərin qarşılıqlı ittihamları nüvə proqramı ətrafında diplomatik gərginliyin davam etdiyini göstərir.

  • NATO və İran arasında sərtləşən ritorika nüvə proqramı ilə bağlı diplomatik danışıqların gələcəyinə necə təsir göstərə bilər?

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın nüvə proqramı ABŞ və İran, daha dəqiq desək, Vaşinqton və Tehran arasında aparılan son danışıqlarda ən gərgin və ən çox müzakirə olunan, lakin mediaya demək olar ki, sızmayan əsas mövzulardan biridir.

Onun sözlərinə görə, müzakirələrdə davamlı olaraq Hörmüz boğazı gündəmə gəlsə də, İranın nüvə proqramı da Vaşinqton üçün ən azı bu məsələ qədər mühüm əhəmiyyət daşıyır.

"Davamlı olaraq bu müzakirələrdə Hörmüz boğazı gündəmə gəlsə də, düşünürəm ki, ən azı Hörmüz qədər İranın nüvə proqramı da Vaşinqton üçün önəmli idi. Çünki Birləşmiş Ştatların prinsipial mövqeyi var. Bu prinsipial mövqe ondan ibarətdir ki, İran heç bir halda nüvə silahı əldə edə bilməz.

İranın ali dini lideri Əli Xamenei vaxtilə fətva vermişdi ki, İran İslam Respublikası nüvə dövləti ola bilməz, onun nüvə silahı əldə etmək kimi niyyəti yoxdur, hətta nüvə silahı haramdır. Amma biz gördük ki, İran bu fətvaya əməl etmədi. Daha doğrusu, həmin fətva yalnız sözlərdən ibarət oldu.

İran Yaxın Şərqdə baş verən proseslər fonunda siyasi bufer yaradaraq öz nüvə proqramını inkişaf etdirdi", – deyə o bildirib.

Politoloqun fikrincə, "Əl-Əqsa Tufanı" əməliyyatı başlayanda İranın kifayət qədər zənginləşdirilmiş uran ehtiyatı var idi.

O xatırladıb ki, təxminən bir-iki ay əvvəl həmin ehtiyatların üçüncü ölkəyə təhvil verilməsi məsələsi də gündəmə gəlmişdi.

"Mən o vaxt da demişdim ki, zənginləşdirilmiş uranın üçüncü ölkəyə verilməsi inandırıcı görünmür.

Burada Rusiya faktoru var idi, uranın Rusiyaya təhvil verilməsi məsələsi müzakirə olunurdu. Eyni zamanda onun Pakistana verilməsi ehtimalı da var idi. Bu variant əslində Birləşmiş Ştatlar üçün daha məqbul sayıla bilərdi. Çünki Pakistan nüvə dövlətidir və nüvə başlıqları tam nəzarət altındadır.

Sual yarana bilər ki, nə üçün Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə imkan vermək istəmir? Burada müxtəlif yanaşmalar mövcuddur. Bunun əsas səbəblərindən biri İranın nüvə silahı əldə etməsinin bütün Yaxın Şərqdə nüvə silahlanması yarışına səbəb ola bilməsidir", – deyə Rufiz Hafizoğlu vurğulayıb.

Onun sözlərinə görə, məsələnin digər tərəfi də var və Tehran bununla bağlı öz arqumentlərini irəli sürür.

"Tehran sual edir ki, nə üçün İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmur? Nə üçün İsrailin rəsmi şəkildə təsdiqlənməsə də, qeyri-rəsmi nüvə silahına malik olduğu qəbul edilir, amma İrana bu imkan verilmir? Bu da müzakirə olunan əsas məqamlardan biridir."

Siyasi şərhçi bildirib ki, bu kontekstdə Türkiyə amili də diqqət çəkir:

"Burada Türkiyə məsələsinə də toxunmaq istəyirəm. Türkiyənin nüvə silahına malik olub-olmaması bu gün də mübahisə doğuran mövzudur. Bir çox ekspert hesab edir ki, Ankara qeyri-rəsmi şəkildə nüvə potensialına malikdir. Vaxtilə ABŞ-ın İncirlik bazasında nüvə başlıqlarının yerləşdirildiyi məlumdur. Hazırda onların Türkiyənin nəzarətində olub-olmaması isə başqa müzakirə mövzusudur.

Ankara hazırda nüvə silahı əldə etmək istiqamətində müəyyən işlər aparır və bunu normal qəbul etmək lazımdır. Bu, müəyyən risklər yaratsa da, eyni zamanda Türkiyə üçün ciddi strateji üstünlüklər də vəd edə bilər."

Rufiz Hafizoğlu hesab edir ki, İranın nüvə proqramı ilə bağlı rəsmi açıqlamalar indiyədək tam inandırıcı olmayıb: "Tərəflər bu məsələ ətrafında hələ də kifayət qədər gərgin danışıqlar aparacaqlar. Lakin sonda İranın əlində olan zənginləşdirilmiş uranı başqa bir ölkəyə verməyə razılaşacağını düşünmürəm. Çünki bunun əldə olunmasına illərlə vaxt sərf edilib. Bu, Tehran üçün olduqca mühüm strateji nailiyyətdir.

Hətta İran bu proqramı qorumaq naminə Yaxın Şərqdəki bəzi proksi qüvvələrindən, o cümlədən Yəməndəki müttəfiqlərindən, Hizbullahdan və müəyyən mənada İraqdakı təsir imkanlarının bir hissəsindən belə imtina edə bilər."

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »