Litva Seymində (parlamentində) ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.
Bizimyol.info xəbər verir ki, Parlamentin katibliyinin məlumatına görə, qanunvericilik təşəbbüsü 50 deputatın imzası ilə dəstəklənib ki, bu da layihənin rəsmi qeydiyyata alınması üçün kifayət edib.
Qanun layihəsinə əsasən, Litva Konstitusiyasının ölkə ərazisində kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının yerləşdirilməsini qadağan edən 137-ci maddəsinin çıxarılması təklif olunur.
Bundan əvvəl Litva Prezidenti Gitanas Nauseda baş nazir, müdafiə naziri, Seymin sədri və parlament fraksiyalarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. İclas iştirakçıları Konstitusiyadakı bu qadağanın ləğvi təşəbbüsünü dəstəkləyiblər.
Konstitusiyaya dəyişiklik edilməsi üçün Seym üç aylıq fasilə ilə iki dəfə səsvermə keçirməlidir. Dəyişikliklərin qəbul olunması üçün 141 deputatdan ən azı 94-nün lehinə səs verməsi tələb olunur.
Bizimyol.info






