Ukrayna müharibəsinin gedişində baş verən son hadisələr Belarusun xarici siyasətində daha ehtiyatlı yanaşmanın formalaşdığına dair müzakirələri gücləndirib.
Müşahidəçilərin fikrincə, Minsk həm Qərblə münasibətləri normallaşdırmağa, həm də Moskva ilə tərəfdaşlığını qorumağa çalışaraq balanslı siyasət yürütməyə üstünlük verir.
- Bu tendensiyanın davam etməsi regiondakı siyasi və geosiyasi proseslərə də təsir göstərə bilər.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Aleksandr Lukaşenko Ukraynadakı vəziyyəti diqqətlə izləyir və Rusiyanın bu müharibədə ciddi çətinliklərlə üzləşdiyini görür.
Onun sözlərinə görə, xüsusilə Ukraynanın son əməliyyatları, strateji obyektlərə endirdiyi zərbələr və enerji infrastrukturunu hədəfə alması Rusiyanın vəziyyətini daha da çətinləşdirir. Məhz buna görə də Lukaşenko ritorikasını dəyişir və Rusiyanın bu müharibədə qələbə qazanmaq imkanlarının getdikcə azaldığını anlayır.
Politoloqun fikrincə, Belarusla Qərb arasında son dövrlərdə aparılan danışıqlar, rəsmi Minskin Qərblə münasibətləri yaxşılaşdırmaq istiqamətində atdığı addımlar və bir sıra siyasi məhbusların azad edilməsi göstərir ki, Belarus artıq Qərblə yaxınlaşmağa çalışır və əvvəlki kimi Rusiyaya güvənmir.
O bildirib ki, Lukaşenko hakimiyyəti ilə Kreml arasında münasibətlər əvvəllər də tam etibara əsaslanmayıb.
Zeynal Əmrəliyev bildirib ki, Vladimir Putinin Belarusa səfir kimi Rusiya Dövlət Dumasının keçmiş sədri, keçmiş daxili işlər naziri və "Vahid Rusiya" Partiyasının qurucularından biri olan Boris Qrizlovu göndərməsi də təsadüfi deyil.
Onun sözlərinə görə, bu addım Rusiyanın Belarus üzərində nəzarət mexanizmlərini gücləndirmək və Minsk rəhbərliyini daha yaxından izləmək məqsədi daşıyırdı. Bu, eyni zamanda Moskvanın Belarus rəhbərliyinə tam etibar etmədiyini göstərirdi.
Politoloq əlavə edib ki, hazırda Lukaşenkonun çıxışlarında və davranışlarında dəyişiklik açıq şəkildə hiss olunur. O, Ukraynaya münasibətdə daha ehtiyatlı mövqe sərgiləyir və Ukraynanın uğurlu əməliyyatları artdıqca ritorikasını da dəyişir.
Zeynal Əmrəliyevin sözlərinə görə, bütün bunlar Rusiyanın beynəlxalq arenada daha da təklənməsinə gətirib çıxaran proseslərin bir hissəsidir.
İradə Cəlil, Bizimyol.info






