Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aydın Quliyev: Seçki prosesi xaosa çevrilməyəcək
Aydın Quliyev: Seçki prosesi xaosa çevrilməyəcək

İddialara görə, Valeriy Zalujnı prezident seçkilərində namizədliyini irəli sürmək niyyətini Volodimir Zelenskiyə çatdırıb və bu, Ukraynada siyasi prosesləri daha da aktuallaşdırıb.

Bildirilir ki, Zelenski seçkilərin mümkünlüyünü və onların ölkədə daxili parçalanma yaratmamasının vacibliyini vurğulayıb.

Eyni zamanda, Zalujnının seçkilərdə iştirakı Ukrayna siyasi elitasında ciddi müzakirələrə səbəb olub.

  • Zalujnının prezident seçkilərində namizədliyi Ukraynada siyasi sabitliyi poza və müharibə şəraitində daxili parçalanma riskini artıra bilərmi?

Siyasi şərhçi Aydın Quliyev Bizimyol.info xəbər portalına bildirib ki, Ukraynada prezident seçkilərinin mütləq şəkildə keçiriləcəyi ilə bağlı hələlik konkret məlumat yoxdur.

Lakin Konstitusiyada nəzərdə tutulan seçki müddətinin başa çatması onu göstərir ki, Ukrayna, hətta müharibə bitməsə belə, bu seçkini gec-tez keçirməli olacaq. Böyük ehtimalla, prezident seçkiləri müharibə davam etdiyi dövrdə keçiriləcək.

“Ukraynada prezident seçkilərinin cəmiyyət tərəfindən necə qarşılanacağı mühüm suallardan biridir. Bəziləri hesab edir ki, seçkilər siyasi qarşıdurma və xaosa səbəb ola bilər. Təbii ki, həm ölkə daxilində, həm də xaricdə Ukraynada xaos və siyasi qarşıdurma yaranmasını istəyən qüvvələr var. Ancaq Ukrayna hakimiyyəti seçkilərin mümkün qədər normal siyasi rəqabət və yüksək seçici fəallığı şəraitində keçirilməsi üçün əlindən gələni edəcək. Seçkiqabağı siyasi fəallıq başqa məsələdir, cəmiyyətdə siyasi qarşıdurma və xaos isə tamam başqa. Aydındır ki, seçki prosesini siyasi xaosa çevirməyə çalışanlar da olacaq. Amma nəzərə almaq lazımdır ki, davam edən dörd illik müharibə ərzində Ukrayna cəmiyyətinin əsas hissəsinin Zelenskinin siyasətini dəstəklədiyi müşahidə olunub”, – deyə şərhçi bildirib.

Onun sözlərinə görə, seçki ərəfəsində və seçki dövründə Ukraynada siyasi xaos və qarşıdurma yalnız o halda yarana bilər ki, cəmiyyətin böyük hissəsi mövcud hakimiyyətin siyasətinə alternativ kursu dəstəkləsin.

“Məlumdur ki, Ukraynanın hazırkı siyasi xətti Avrointeqrasiya və NATO ölkələri ilə mümkün qədər yaxın əməkdaşlıqdan ibarətdir. Ancaq müharibə dövründə bu kursa qarşı güclü ictimai-siyasi hərəkat müşahidə edilməyib. Əksinə, cəmiyyətin böyük əksəriyyətinin hakimiyyətin Avrointeqrasiya siyasətini dəstəklədiyi görünür. Bu da seçki ərəfəsində siyasi qarşıdurma və xaos ehtimalının zəif olduğunu deməyə əsas verir.

Eyni zamanda, Zelenskinin apardığı kursa təhlükəli alternativ yarada biləcək siyasi fiqur da görünmür. Məsələn, XXI əsrin əvvəllərində, 2010-cu il prezident seçkiləri ərəfəsində hakimiyyətdə olan Avrointeqrasiya tərəfdarı Viktor Yuşşenkonun qarşısında Rusiya ilə yaxınlaşmanı müdafiə edən Viktor Yanukoviç kimi güclü siyasi fiqur var idi. Nəticədə Yanukoviç seçkilərdə qalib gələrək prezident oldu. Bu gün isə Ukraynada Yanukoviç səviyyəsində, Zelenskinin Avrointeqrasiya kursuna real təhlükə yarada biləcək siyasi fiqur hələ meydana çıxmayıb.”

Politoloqun fikrincə, bu amil seçkilər zamanı Ukrayna cəmiyyətinin ciddi şəkildə parçalanacağı və nəticələrin legitimliyinin geniş şəkildə mübahisələndiriləcəyi ehtimalını xeyli azaldır.

“Fikrimcə, siyasi fəallıq olacaq, amma siyasi xaos və qarşıdurma gözlənilmir.”

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »