Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan pul köçürmələrinə vergi: Azərbaycan üçün ciddi risk varmı?
Rusiyadan pul köçürmələrinə vergi: Azərbaycan üçün ciddi risk varmı?

Rusiyada miqrantların xaricə göndərdikləri pul köçürmələrinə 3 faiz vergi tətbiq edilməsi təklif olunub. Təşəbbüsün müəllifləri hesab edirlər ki, bu addım dövlət büdcəsinə ildə azı 45 milyard rubl əlavə gəlir gətirə bilər. Təklif miqrantların vəsait köçürmələrinin həcminin artdığı bir dövrdə gündəmə gətirilib.

  • Bu verginin tətbiqi Rusiyada çalışan miqrantların sayına və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində, bu, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar dövründə Rusiyadan xarici ölkələrə köçürülən vəsaitlərin həcmində kəskin azalmanın müşahidə olunduğu bir mərhələ idi.

“Misal üçün, Azərbaycanı nümunə göstərə bilərəm. Təxminən 15-20 il bundan qabaq Azərbaycana rəsmi və qeyri-rəsmi kanallarla təkcə Rusiyadan köçürülən vəsaitin ümumi həcmi təqribən 4 milyard ABŞ dolları civarında idi. Sonrakı mərhələdə bu rəqəm kəskin şəkildə azalaraq 2 milyard dollara qədər endi. Bunun 1 milyardı rəsmi, 1 milyardı isə qeyri-rəsmi kanallarla göndərilirdi. Amma sonrakı dövrdə, iqtisadi sanksiyaların tətbiq olunduğu şəraitdə bu vəsaitin bir neçə dəfə azaldığını gördük. Səhv etmirəmsə, son illərin statistikası təqribən 400-500 milyon ABŞ dolları civarındadır. Yəni bu, 15-20 il bundan əvvəlki göstərici ilə müqayisədə təxminən 8 dəfə azalma deməkdir”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, iqtisadi sanksiyaların tətbiq olunduğu ilk illərdə, xüsusilə də Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra bu vəziyyət miqrantların gündəlik həyatına da birbaşa təsir göstərdi. Çünki çoxsaylı iş yerlərinin bağlanması, bir çox layihələrin dayandırılması, həmçinin miqrantların əldə etdikləri gəlirlərin azalması xarici ölkələrə göndərilən vəsaitin də kəskin şəkildə azalmasına gətirib çıxardı.

“Amma indi görünən odur ki, əgər son statistika xaricə köçürülən vəsaitin artdığını göstərirsə, bu o deməkdir ki, iqtisadi sanksiyalar və Rusiya iqtisadiyyatına təsir edən digər amillər zəifləyib. Rusiya iqtisadiyyatı vaxtilə itirdiyi bəzi mövqeləri yavaş-yavaş bərpa etməkdədir. Bu da miqrantların əldə etdiyi vəsaitin həcminin artmasına gətirib çıxarıb. Yəni əgər köçürmələrin artması barədə məlumat varsa, bunu ən azından bununla izah etmək olar.

Bu, təbii ki, Rusiyanın müxtəlif dairələrinin, xüsusilə də Rusiya iqtisadiyyatının maksimum miqrant axınlarından fayda götürmək siyasətini dəstəkləyən çevrələrin diqqət mərkəzindədir. Onlar zaman-zaman düşünürlər ki, miqrant axınlarının effektiv idarə olunması ölkə iqtisadiyyatına müəyyən töhfə verməlidir. Amma bu töhfəni necə vermək olar? Məhz bu sual yeni alətlər, mexanizmlər və yanaşmaların axtarışına səbəb olur. Hazırda təklif olunan 3 faizlik verginin tətbiqi də həmin axtarışların nəticələrindən biri kimi dəyərləndirilə bilər.

Bu, müəyyən mənada köçürülən vəsaitin həcminin azalmasına səbəb ola bilər. Ən azından söhbət əlavə 45 milyard rubl gəlirin vergi şəklində ölkədə qalmasından gedirsə, bu, eyni zamanda xaricə köçürüləcək 45 milyard rublun azalması deməkdir. Bu da istər-istəməz ümumi köçürmələrin həcminə müəyyən təsir göstərə biləcək bir haldır”, - deputat deyib.

Onun sözlərinə görə, şərti olaraq, əgər hansısa ölkəyə il ərzində 100 min ABŞ dolları vəsait köçürülürsə və bu gün həmin məbləğin 3 min dolları vergi şəklində ölkədə qalırsa, deməli, qarşı tərəfə 97 min dollar köçürülmüş olur. Bu isə nəticə etibarilə 3 faiz azalma deməkdir.

“Amma istənilən halda burada başa düşülən odur ki, Rusiya hökuməti çalışır ki, kapital tam şəkildə ölkədən axın etməsin. Hətta köçürmə baş verəcəksə belə, bundan da yararlanmaq prinsipini əsas götürür. Bu da nəticə etibarilə köçürülən vəsaitin həcminin azalmasına səbəb olur”.

  • Bu vəziyyət iqtisadiyyata böyük təsir etmək imkanına malikdirmi?

Deputatın fikrincə, bəzi ölkələr üçün bunun təsiri ciddi ola bilər.

“Məsələn, Tacikistanı götürək. Bu ölkədə miqrantların köçürdüyü vəsait Ümumi Daxili Məhsulun kifayət qədər böyük hissəsini təşkil edir. Müxtəlif dövrlərdə bu faiz dəyişir, amma kifayət qədər böyük həcmdə vəsaitdən söhbət gedir. Ən azı nəzərə alsaq ki, 600 mindən çox Tacikistan vətəndaşının Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat var. Şərti olaraq, həmin sayda şəxsin öz ölkəsinə köçürdüyü vəsaiti üst-üstə topladıqda görünür ki, bu məbləğ Ümumi Daxili Məhsulda kifayət qədər böyük paya malikdir.

Eyni zamanda bunu Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan Moldova vətəndaşları barədə də demək olar. İstənilən halda bu qərar həmin ölkələrin iqtisadiyyatına bu və ya digər formada təsir göstərə bilər.

Yəni söhbət 45 milyard rubl həcmində vəsaitin vergi şəklində Rusiyada qalmasından gedirsə, həmin vəsait normal halda pul köçürmələri vasitəsilə digər ölkələrin iqtisadiyyatına daxil olaraq müxtəlif sahələrdə fayda yarada bilərdi. İndi isə həmin dövlətlər bu vəsaitdən məhrum olurlar. Ona görə də bu, istənilən halda müəyyən qədər hiss olunacaq bir hal kimi dəyərləndirilə bilər”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ümumi Daxili Məhsulu pul köçürmələrindən asılı olmayan ölkələr, o cümlədən Azərbaycan üçün bunun o qədər də açıq hiss olunacaq təsiri olmayacaq.

“Ən azı biz onu da bilirik ki, ilbəil Rusiyadan Azərbaycana köçürülən vəsaitin həcmi azalır. Bu da göstərir ki, ümumi maliyyə axınları mənzərəsində həmin vəsaitin artıq əvvəlki qədər hiss olunacaq payı yoxdur”, - deyə Azər Allahverənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »