ABŞ rəsmilərinin açıqlamasına görə, İrana qarşı həyata keçirilən hərbi əməliyyatın dəyəri təxminən 30 milyard dollar hesablanıb. Bu rəqəm bəzi mənbələrdə səsləndirilən 100 milyard dollardan artıq xərc iddialarından xeyli aşağıdır.
Məsələnin maliyyə tərəfi hərbi əməliyyatların iqtisadi yükü və büdcəyə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
- Bu həcmdə hərbi xərclər ABŞ-ın uzunmüddətli müdafiə strategiyasına və federal büdcəsinə necə təsir göstərə bilər?
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran və ABŞ arasında qarşıdurma zamanı Amerika üçün kifayət qədər ciddi maliyyə məsrəfləri ilə müşayiət olundu.
O deyib ki, “Proses hələ tam başa çatmayıb. Çünki zaman-zaman atəşkəs pozulur və bu da hərbi əməliyyatlarla bağlı xərclərin davam etdiyini göstərir”.
Politoloqun sözlərinə görə, bu müharibənin ABŞ iqtisadiyyatına və maliyyəsinə təsirini qiymətləndirərkən ilk növbədə nəzərə almaq lazımdır ki, ABŞ dünyanın ən böyük hərbi büdcəsinə malik dövlətdir. Hazırda ölkənin hərbi büdcəsi təxminən 1 trilyon dollara yaxındır və böyük ehtimalla bu cür əməliyyatlar üçün əvvəlcədən nəzərdə tutulmuş maliyyə vəsaiti mövcuddur. Bununla belə, istənilən halda söhbət maliyyə itkisindən gedir və həmin xərclərin əsaslandırılması zəruridir.
Əli Mustafanın fikrincə, Tramp administrasiyasının bu istiqamətdə irəli sürdüyü arqumentlər var və onlar artıq bu arqumentləri ictimaiyyətə təqdim edirlər. Əsas arqument ondan ibarətdir ki, İranın nüvə silahına sahib olması ABŞ-ın strateji maraqlarına, xüsusilə də regiondakı əsas strateji müttəfiqi olan İsrailin təhlükəsizliyinə ciddi risk yarada bilər. ABŞ da məhz bu risklərin qarşısını almaq məqsədilə hərbi əməliyyatlara başlayıb və nəticədə müəyyən maliyyə itkiləri ilə üzləşib.
Politoloq hesab edir ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması isə Vaşinqton üçün kifayət qədər ciddi əsaslandırma hesab olunur.
“Tramp administrasiyası bu arqumentlərdən Senatda və Konqresdə həyata keçirilən siyasəti əsaslandırmaq üçün istifadə edib və gələcəkdə də istifadə edəcək.
ABŞ-ın hücumları nəticəsində İranın yalnız nüvə proqramı deyil, ümumilikdə hərbi infrastrukturu da ciddi zərbə alıb. Bu isə ABŞ-ın Yaxın Şərqdəki geosiyasi və strateji maraqlarına xidmət edən amillərdən biridir və aparılan siyasətin əsaslandırılmasının daha bir vacib hissəsidir”, - deyə o bildirib.
Əli Mustafa vurğulayıb ki, ABŞ-da federal büdcənin formalaşdırılması və vəsaitlərin xərclənməsi ilə bağlı əsas qərarlar Senat və Konqres tərəfindən qəbul olunur.
Hazırkı Konqresdə isə İsrailin maraqlarını dəstəkləyən kifayət qədər güclü lobbi fəaliyyət göstərir. Bu baxımdan o hesab edir ki, həmin dairələr Tramp administrasiyasının irəli sürdüyü əsaslandırmaları dəstəkləyirlər.
Politoloq deyib ki, ümumilikdə hərbi xərclər rentabelli hesab edilmir. Çünki bunlar geri qayıdan investisiya deyil, birbaşa itki sayılır. Lakin ABŞ dünyada hegemon dövlət mövqeyini qoruyub saxlamaq üçün zaman-zaman bu cür itkilərlə barışmağa məcbur olur.
“Daha məqsədəuyğun olardı ki, müharibələrə sərf olunan maliyyə vəsaiti rifahın yüksəldilməsinə, iqtisadi artıma və yeni texnologiyaların inkişafına yönəldilsin. Böyük ehtimalla, Amerika cəmiyyəti və vergi ödəyiciləri də hökumətdən məhz bunu gözləyirlər.
Tramp administrasiyasının Yaxın Şərq, İran, Çin və Rusiya ilə bağlı öz hərbi-siyasi strategiyası və planları mövcuddur. Buna görə də hərbi xərclər iqtisadi baxımdan itki sayılsa da, administrasiya həmin xərclərin ABŞ-ın strateji məqsədlərinə xidmət etdiyini əsaslandırmaq imkanına malikdir”- Əli Mustafa deyib.
Politoloqun fikrincə, bu məsələ daha çox cari siyasi proseslər kontekstində qiymətləndirilməlidir və baş verən hadisələrin ABŞ iqtisadiyyatına və ümumi strategiyasına ciddi təsir göstərdiyini söyləmək doğru olmaz.
İradə Cəlil, Bizimyol.info






