“Bəzi insanlar belə düşünürlər: "İslam Cümhuriyyəti Sovet İttifaqı kimi daxildən dağıla bilərmi?" Bu, bir fikirdir. Bu düşüncənin səbəbi "bu məmləkət bu milləti dolandıra bilmir" düşüncəsinin yayılmasıdır. Amma alternativ və fərqli bir qüvvə yoxdur ki, İranı gücdən salsın. Bir yol qalır ki, özü daxildən dağılsın. Amma getdikcə, bu imkan da azalır”.
Bu barədə Bizimyol.info xəbə portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, əvvəllər özü də bu mövzu haqda oxşar düşüncəyə sahib olub: “İndi mənim də düşüncələrim dəyişib. Səbəbi də budur ki, İslam Cümhuriyyətini heç bir hökümətlə, hətta Sovet İttifaqı ilə müqayisə etmək olmaz. İranda mövcud olan hökümət dini ideoloji təfəkkürə sahib hökümətdir. Hökümət sistemi dini bir vəzifə kimi görülür”.
Maşallah Rəzmi“İranı 11 yerə bölüblər, 11 qərargah var və hər qərargahın özünün istiqaməti var. Hətta onlara imkan verilib ki, Tehrandan büdcə ayrılamasa da onlar özlərini idarə edə bilsinlər. Məsələn; Təbrizdə bu gün əhali Urmu dəryasının qurudulması ilə bağlı etiraz edir. Amma hökümətin ehtiyacı yoxdur ki, Tehrandan hərbi qüvvə göndərsin. Təbrizin özündə və Cənubi Azərbaycanda onların qüvvələri var. İllər boyu bu istiqamətdə təcrübə yığıblar, hər dəfə belə etirazlar olanda onu orada sakitləşdiriblər, etirazçıları aradan qaldırıblar. Bu qüvvələr keçmiş illərdə milləti əzməkdə və millətin qarşısında durmaqda məharət göstəriblər. Bu gün iş başında olan hər kəsin əli qana batıb. Qaçacaq yerləri yoxdur. Bilirlər ki, bu hökümət çöksə, hətta ümumi bir əfv də olsa bu millət onları rahat buraxmayacaq. Bu səbəbdən, onlar sona qədər dirənəcəklər”-deyən güneyli şərhçi Maşallah Rəzmi bildirib ki, İranın dağılması Yuqoslaviyaya bənzəyə bilər.
İradə Cəlil, Bizimyol.info






