"Sürətlə kiçilən Xəzər dənizində suyun səviyyəsinin azalmasının monitorinqi və bu prosesə uyğunlaşma məqsədilə regional əməkdaşlığın hüquqi bazası bu ilin sonunadək hazırlana bilər".
Ölkə az xəbər verir ki, bunu "Reuters" agentliyinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Əliağa Əzizov bildirib.
Onun sözlərinə görə, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsi son beş ildə təxminən 1 metr, son 10 ildə 1.5 metr, son 30 ildə isə 2.5 metr azalıb.
"Hazırda dənizin səviyyəsi ildə 20-30 santimetr enir. Bu, qlobal okean səviyyəsinin yüksəlmə sürətindən onlarla dəfə daha yüksək göstəricidir. Biz bu prosesi dayandıra bilmərik. Biz yalnız ona uyğunlaşa bilərik", - deyə Əliağa Əzizov vurğulayıb.
Elmi tədqiqatlar göstərir ki, Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın sahillərini əhatə edən Xəzər dənizində suyun səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azalır.
Əliağa Əzizov bildirib ki, bunun əsas səbəbləri iqlim dəyişikliyi, hövzədə yağıntıların azalması, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artması və dənizə tökülən çaylarda su axınının azalmasıdır.
Onun sözlərinə görə, bu proses limanların fəaliyyətinə, gəmiçiliyə, balıqçılığa, sahilyanı turizmə və dənizdə yerləşən neft-qaz infrastrukturuna ciddi təsir göstərir.
- Bu prosesin qarşısını necə almaq olar?
Bu barədə Bizimyol.info xəbər portalına danışan ekoloq Sadiq Həsənov bildirib ki, son 10 ildə artıq hər il 10-12 sm-ə qədər düşmə davam edir: “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Əliağa müəllimin dediyi kimi davamlıdır, davam edir. Bu cür düşmə prosesi ilk dəfədir ki, baş verir.
1977- ci ildə də su səviyyəsi təxminən 29 metrə qədər düşmüşdür. 1990-cı illərdə isə qalxma baş verdi. Həmin ilin sonlarından başlayaraq düşmə intensiv sürətdə davam edir. Yəni son 10 ildə artıq hər il 10-12 sm -ə qədər düşmə davam edir. Bu çox böyük rəqəmdir. Düşmə səbəbləri də açıqlanıb. Məsələn, 1 -ci amil iqlimdə baş verən dəyişikliklər, buxarlanmanın səviyyəsinin artması təsir edir. Yağıntıların azalması isə səbəb deyil. Çünki bu il yağıntılar həm Azərbaycanda, həm Qafqaz ölkələrində, eyni zamanda Rusiyada, Qazaxıstanda və digər ölkələrdə, hətta İranda da yağıntıların səviyyəsi 3 dəfə yüksəkdir”.
Sadiq Həsənovun fikrincə, buxarlanma artıb, çaylarda suyun səviyyəsi azalıb.
“Xüsusilə Xəzər dənizinə tökülən Kür, Volqa, Terek və Ural kimi iri çaylarda su axını azalıb. Bu azalma daha çox Volqa çayında müşahidə olunur. Burda təbii amillər var. Volqa çayının səviyyəsinin azalması iqlimdə baş verən dəyişikliklərlə əlaqəlidir. Belə ki, Atlantik okeanından gələn, rütubətli hava kütlələri Volqa çayına çatmır, bu da su səviyyəsinin azalmasına təsir edir”, -deyə ekoloq vurğulayıb.
Sadiq Həsənov vurğulayıb: “Volqa çayının üzərində 25 dən çox iri su anbarları tikilib. Çaydan götürülən su demək olar ki, Volqaboyu təsərrüfatlara yönəldilib. Bu da su səviyyəsinə təsir edir. Həmçinin Ural çayı, Terek çayı Qazaxıstandan keçməklə Xəzər dənizinə tökülür. Onlarda da suyun səviyyəsi kifayət qədər azalıb. Burda həm insan amili, həm də təbii su azalması prosesləri var. Azərbaycanda da Kürdən axan suyun səviyyəsi xeyli azalıb. Hətta bəzi dövrlərdə, 2-3 il bundan əvvəl kür çayı ümumiyyətlə Xəzər dənizinə gedib çatmırdı. Bu da səbəblərdən biridir. Şirin suyun azalması Xəzər dənizinin səviyyəsinə təsir göstərir. Qurunt suların səviyyəsində də azalma müşahidə olunur. Azərbaycanın yeraltı su ehtiyatlarında təxminən 10-15 faiz azalma baş verib. Bütün bunlar su səviyyəsinin aşağı düşməsinin əsas və faktiki görünən tərəfləridir.
Buxarlanmanın artması, çayların su səviyyəsinin aşağı düşməsi və yeraltı su ehtiyatlarının azalması nəticəsində Xəzər dənizinin səviyyəsi enməkdə davam edir”.
Sadiq Həsənovun sözlərinə görə, bu proses Xəzər dənizində infrastruktur sahəsinə ciddi təsir göstərir:
“Bildirim ki, Rusiya Elmlər Akademiyasının alimi Mixail Dolqov son dövrlərdə su səviyyəsinin sabitləşə biləcəyi ilə bağlı optimist proqnoz verib. Lakin bu fikri təsdiqləyən hər hansı rəsmi tədqiqat materialı nə Rusiya, nə də Qazaxıstan tərəfindən hələlik açıqlanmayıb.
Rusiya, eləcə də Qazaxıstanda Xəzər dənizinin səviyyəsi ilə bağlı xeyli tədqiqat institutları fəaliyyət göstərir. Bu proses Xəzər dənizində infrastruktur sahəsinə də ciddi təsir göstərir. Xüsusilə estakadaların qurulması, limanların tikilməsi kimi məsələlərdə suyun səviyyəsinin azalması əlavə çətinliklər yaradır. Azərbaycan Dövlət Neft Şirkətinin platformalarında da su səviyyəsinin aşağı düşməsi əlavə vəsait tələb edir”.
Sadiq Həsənov əlavə edib: “Bu, təbii ki, Azərbaycandan asılı bir məsələ deyil. Ancaq səviyyənin artması üçün Rusiyadan, xüsusilə də Volqa çayından çox şey asılıdır. Qazaxıstan müəyyən tədbirlər görülür. Təəssüf ki, Rusiya tərəfdən bu barədə bir hərəkət yoxdur. Mən düşünürəm ki, Xəzər dənizinin səviyyəsi bu şəkildə düşməkdə davam edəcək və yaxın 10 ildə də enmə prosesi davam edəcək”.
Günel Həsənova, Bizimyol,info






