Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atasından qalan yadigara görə azadlığı məhdudlaşdırıldı
Atasından qalan yadigara görə azadlığı məhdudlaşdırıldı

Ağdam sakini olan 44 yaşlı Cəlil atasından qalan bıçağı cəmi 10 manata satmaq istərkən öz taleyini dəyişib. Cinayət məsuliyyətinə cəlb olunub, son nəticədə azadlığı məhdudlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, Cinayət Məcəlləsinin 228.5 (qanunsuz olaraq, qaz silahı, soyuq silahı əldə etmə, satma, gəzdirmə) maddəsilə təqsirləndirilən Cəlilin 1 il müddətinə azadlığı məhdudlaşdırılıb. Məhkəmənin hökmünə əsasən, bu müddətdə o, axşam saat 22:00-dan səhər saat 06:00-a qədər yaşadığı evi tərk edə bilməz. Həmçinin 1 il ərzində üzərində elektron nəzarət vasitəsi (elektron qolbaq) gəzdirməlidir. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişə də bilməz.

İttihama əsasən, o, üzərində “Stainlese Steel U.S.A” yazısı olan ov bıçağını metronun “Sahil” stansiyasının yanında yerləşən parkda çıxarıb nümayiş etdirərkən orada olan polis əməkdaşları görüb. Onu saxlayaraq, polis bölməsinə aparıblar.

Cəlil özü isə bildirib ki, mərhum atasından qalan həmin bıçağı maddi imkansızlıq ucbatından satmaq istəyirdi. Bıçağın şəklini çəkib, alqı-satqı saytına yerləşdirib. Bir saat sonra tanımadığı şəxs ona zəng edərək, bıçağı almaq istədiyini deyib. Zəng edən şəxs bildirib ki, əgər Sahil bağına gətirsə, buna görə də əlavə ödəniş edəcək.

Cəlilin sözlərinə görə, bıçağı aparıb, parka çatanda həmin nömrəyə zəng eləyib. Görüşüb bıçağı göstərəndə iki nəfər mülki geyimli şəxs yaxınlaşıb, polis olduqlarını bildiriblər. Ondan bölməyə getməsini istəyiblər. Səbəbini soruşduqda isə bildiriblər ki, satdığı bıçaq soyuq silahdır.

O, əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu qeyd edib. Hakim bu faktorları, həmçinin onun qardaşının müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »