Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ermənistanı seçim qarşısında qoyur: İrəvan hansı yolu seçəcək?
Rusiya Ermənistanı seçim qarşısında qoyur: İrəvan hansı yolu seçəcək?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri Moskva-İrəvan münasibətlərində gözlənilən yumşalmaya səbəb olmayıb. Rusiyalı politoloq Andrey Suzdaltsov hesab edir ki, Kreml Ermənistanın eyni vaxtda həm Qərblə yaxınlaşmaq, həm də Rusiyanın iqtisadi və təhlükəsizlik imkanlarından faydalanmaq siyasətini artıq qəbul etmir. Onun fikrincə, Moskva İrəvandan yaxın aylarda geosiyasi seçim etməsini gözləyir.

  • Bəs Kremlin sərtləşən mesajları Ermənistanın xarici siyasət kursunu dəyişməyə məcbur edə bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyanın Rusiyaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş baş tutmayıb. O, yalnız Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb və tərəflər əsasən iqtisadi məsələləri, eləcə də Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Politoloqun sözlərinə görə, hazırda Rusiya-Ermənistan münasibətləri ziddiyyətli mərhələdən keçir və bunun əsas səbəbi Ermənistanın xarici siyasətdə Avrointeqrasiya kursunu davam etdirməsidir.

"Ermənistanın xarici siyasət kursunu dəyişməməsi, xüsusilə də Avrointeqrasiya istiqamətində atdığı addımlar Rusiyanı ciddi narahat edir. Aprelin 1-də Kremldə keçirilən Putin-Paşinyan görüşünün gərgin keçməsi də məhz Paşinyanın Rusiyanın siyasi orbitindən uzaqlaşması və Avrointeqrasiya siyasətini davam etdirməsi ilə bağlı idi. Hətta müəyyən mənada demək olar ki, Paşinyan Putinə “demokratiya dərsi” keçdi", – deyə politoloq bildirib.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Moskvanın təzyiqlərinə baxmayaraq, rəsmi İrəvanın seçdiyi siyasi kursu dəyişəcəyi gözlənilmir. Onun sözlərinə görə, bu proses iqtisadi münasibətlərə də təsirsiz ötüşmür. Belə ki, Ermənistan məhsullarının Avropa İttifaqı bazarına çıxışı genişlənir, Avropa İttifaqı isə bu istiqamətdə İrəvana müəyyən güzəştlər tətbiq edir.

" Nikol Paşinyan seçdiyi siyasi kursu davam etdirəcək. Ermənistan artıq Rusiya yönümlü siyasətə qayıtmayacaq və “iki stulda oturmaq” siyasətindən tədricən imtina edərək Avrointeqrasiya xəttini daha açıq şəkildə davam etdirəcək. Belə bir şəraitdə Ermənistan-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşacağını gözləmək çətindir", – deyə politoloq fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »