“Tramp yolunun təhlükəsizliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Ermənistan qarşısında öhdəlik götürüb. Əgər Orta yol Zəngəzur dəhlizindən keçəndən sonra orada hər hansı bir risk yaranacaqsa, həmin məsuliyyət öhdəlik götürən tərəfdaşındır. Anlaşılan odur ki, Orta yolun Ermənistan ərazisindən keçən hissəsinə, yəni Zəngəzur dəhlizinə və yaxud "Tramp dəhlizi"nə görə məsuliyyəti ABŞ daşıyır”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Əli Mustafa danışıb. Politoloq bildirib ki, artıq ABŞ-ın müvafiq qurumlarının, konkret olaraq artıq iki qurumun bu fəaliyyət göstəricilərinə dair bilgilər var.
Əli Mustafa“Bu qurumlardan biri keçidi təmin edəcək, yüklərin yoxlanılması və sairə. İkinci qurum isə təhlükəsizliyi təmin edəcək. Yəni bütün hallarda bu təhlükəsizlik məsələlərinə görə, ABŞ məsuliyyət daşıyacaq. Burada təhlükəsizliklə bağlı hansısa risklər yaranacaqsa, o zaman beynəlxalq hüquqa və praktikaya uyğun olaraq müvafiq addımlar ata bilər”-deyən politoloq qeyd edib ki, ABŞ-ın buna səlahiyyəti və bununla bağlı öhdəlikləri var.
Əli Mustafa hesab edir ki, burada vəziyyətdən asılı olaraq, şəraitə uyğun olaraq, hansısa konkret siyasi addımlar atıla bilər.
“Yəni Ermənistan və ABŞ arasında sazişin bəndlərinə uyğun olaraq, bölgənin, konkret olaraq Ermənistan üzərindən orta yolla keçirdiyi hissənin bütün məsələlərinə görə artıq ABŞ və onun müvafiq qurumları məsuliyyət daşıyır. Odur ki, ABŞ da burada beynəlxalq hüquqa və müvafiq qanunvericilik aktlarına uyğun olaraq öz üzərinə düşən işləri yerinə yetirməyə çalışacaq. Amma bütün bunlar bu məsələlərin belə çox tezliklə həll ediləcəyinə əminlik, inam yaratmalı deyil. Çünki bu, sadə bir məsələ deyil. Yolun texniki baxımdan işlənməsi, hazırlanması və orada müvafiq təhlükəsizlik mülahizələrinə uyğun olan avadanlıqların və aparatların qoyulması ən az 1-2 il vaxt alacaq”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






