Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Qazaxın qalan dörd kəndi də Azərbaycana qaytarılmalıdır"
Deputat: "Qazaxın qalan dörd kəndi də Azərbaycana qaytarılmalıdır"

Erməni mətbuatında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsində Azərbaycanın Qazax rayonunun Yuxarı Əskipara kəndi ilə bağlı dəyişikliklərin gündəmdə olduğu iddia edilir.

Məlumata görə, bu proses Kirants-Voskepar yolunun bəzi hissələrinə də təsir göstərə və Ermənistanda nəqliyyat marşrutlarının yenidən qurulmasını zəruri edə bilər. Ermənistan hakimiyyəti isə sərhədin müəyyənləşdirilməsi prosesini təhlükəsizlik və sabitlik baxımından vacib addım kimi təqdim edir. Məsələ regionda kommunikasiya, təhlükəsizlik və sülh prosesi baxımından müzakirələrə səbəb olub.

  • Yuxarı Əskiparanın Azərbaycana qaytarılması və demarkasiya prosesinin davamı regionda təhlükəsizlik balansına və Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda seçkilər keçirilib və Baş nazir Nikol Paşinyanın partiyası qalib gəlib.

Onun sözlərinə görə, indi əsas gözlənti Ermənistan hakimiyyətinin atacağı addımlarla bağlıdır.

Deputat qeyd edib ki, Azərbaycanda delimitasiya və demarkasiya məsələləri dəfələrlə müzakirə olunub.

“Bizdən fərqli olaraq böyük əksəriyyət güzəştli, qorxaq mövqe nümayiş etdirir. Delimitasiya və demarkasiya prosesində ərazilərin dəyişdirilməsi və digər oxşar məsələlər gündəmə gətirilir. Azərbaycan mətbuatında da bu barədə yazılır, bir çox siyasətçilərin çıxışlarında da belə fikirlər səslənir. Biz Azərbaycanın hər hansı güzəştə getməsini qəbul etmirik və hesab etmirik ki, ölkəmiz nəyəsə güzəşt edə bilər", – deyə deputat bildirib.

Elşad Musayev xatırladıb ki, Qazax rayonunun dörd kəndi Azərbaycana qaytarılıb, lakin daha dörd kənd hələ də işğal altındadır.

"Həmin vaxt da bizdən başqa demək olar ki, hamı onları “anklav kəndlər” adlandırır, güzəştdən danışırdı. Biz isə dedik ki, heç bir anklav yoxdur. Bunlar Azərbaycanın işğal altındakı kəndləridir, Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş kəndləridir. Hazırda qalan dörd kəndimiz də işğal altındadır və onlar da qaytarılmalıdır, qaytarılacaq", – deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, Ermənistan Gürcüstanla əlaqəni təmin edən yeni avtomobil yolu çəkir və bu istiqamətdə müəyyən çətinliklərlə üzləşir.

O hesab edir ki, İrəvan həmin məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürə bilər.

"Bununla belə, Azərbaycan cəmiyyəti mövqeyində qətiyyətli olmalı və hər hansı güzəşti ümumiyyətlə gündəmə gətirməməlidir. Vaxtilə Başkəndin Ermənistana qaytarılması və bunun müqabilində nəyinsə alınması barədə fikirlər səslənirdi. Belə yanaşma qəbuledilməzdir. Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. Əvvəlcə təxminən 9 min kvadrat kilometr ərazidə yaradıldı, sonradan isə Sovet hakimiyyəti dövründə daha 20 min kvadrat kilometr ərazi Azərbaycandan zorla alınaraq, qoparılaraq Ermənistana verildi", – deyə o bildirib.

Deputat əlavə edib ki, qarşıdakı danışıqlarda delimitasiya və demarkasiya məsələləri yenidən müzakirə olunacaq. Onun sözlərinə görə, Ermənistan anlamalıdır ki, Azərbaycan cəmiyyəti, siyasi cameəsi və xalqı hər hansı güzəştə getmək niyyətində deyil.

"Ermənilər də bilməlidirlər ki, əlavə olaraq götürdükləri nə varsa, qaytarmalıdırlar. Bizim mövqeyimiz budur və belə də olmalıdır", – deyə Elşad Musayev vurğulayıb.

O, Ermənistan mətbuatında səslənən müxtəlif iddialara da toxunaraq bildirib ki, orada fərqli maraqları təmsil edən qruplar fəaliyyət göstərir.

"Ermənistanda gərginliyi artırmaq istəyənlər, Rusiyanın təsiri altında olanlar, Qərb diasporasının, Avropanın, Fransanın və digər dairələrin maraqlarını ifadə edən qüvvələr var. Onlar müxtəlif iddialarla çıxış edərək Azərbaycanı güzəştə məcbur etməyə çalışırlar. Bu isə qəbuledilməzdir. Azərbaycan cəmiyyəti bütövlükdə buna qarşı sərt mövqeyini nümayiş etdirməlidir", deputat deyib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »