Bayram ərəfəsində məktəb direktorları ilə bağlı narazılıqlar ortaya çıxmağa başlayır. Maraqlısı budur ki, məktəb kimi müqəddəs bir yerə rəhbərlik edən şəxslər sonradan acgöz, görməmiş, etika qaydalarından xəbərsiz, danışğını və davranışı bilməyən bir varlığa çevirilirlər. Sanki məktəb iş yeri və vicdanla idarəetməli olduğu bir yer kimi deyil, şagirdlər üzərindən rahat qazanc mənbəyidir. Yəni nə qədər acınacaqlı olsa da, vəziyyət belədir...
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son zamanlar məktəb direktoru ilə bağlı xoş olmayan videolar ortaya çıxır.
İlqar Orucov“Təbii ki, yayılan bu videolar ümumilikdə məktəb adına, təhsil adına, müəllim adına və məktəb direktoru adına yaraşmayan və eyni zamanda qeyd etdiyim məsələlərlə bağlı nüfuzu sarsıdan, məktəb nüfuzuna, təhsil nüfuzuna ciddi zərbə vuran görüntülərdir. Direktorlar müəllimlərdən narazıdır. Son paylaşımları da izlədik. Direktorların tələbləri, hansı ki, konkret olaraq xoş olmayan ifadələr var. Bütün hallarda, bu direktora nə hədiyyə verilməlidir və yaxud müəllimə hansı hədiyyədən söhbət gedə bilər? Müəllimin ən böyük hədiyyəsi onun şagirdlərinin nailiyyətləridir. Məktəb direktorunun ən yaxşı hədiyyəsi və ən böyük hədiyyəsi onun məktəbinin məzunu olmuş şagirdin təhsildə və elmdə yüksək nəticə əldə etməsidir. Biz oxuduğumuz dövrdə gerçəkdən də münasibət belə idi və məktəb direktoru hər zaman öz şagirdlərinin uğurları ilə fəxr edir, onu özünün ən böyük hədiyyəsi sayırdı. Biz başqa hədiyyə görməmişik”-deyən ekspert hesab edir ki, bu, ümumilikdə direktora yaraşmayan və müəllim əxlaqına, direktor əxlaqına, məktəb idarəçisi əxlaqına zidd olan əməllərdir.
İlqar Orucov bildirib ki, müəllimə “hinduşka baş” deyən və dərsi pula satan şəxsi nəinki direktorluq etdiyi yerdə, ümumiyyətlə təhsil sistemində saxlamaq olmaz.
İradə Cəlil, Bizimyol.info






